Şərq - Qərb Bakı Beynəlxalq Kinofestivalı (Festivallar Festivalı)


Fəaliyyət illəri: 1996-2009

 

“Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı 1996-cı ildə MDB və Baltikyanı ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən təsis olunub. Əvvəllər “Festivallar Festivalı” adlandırılan Bakı Beynəlxalq Kinofestivalı 1999-cu ildən fəaliyyət konsepsiyasına uyğun olaraq “Şərq-Qərb” adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 23.10.2001 tarixli sərəncamı ilə festival ənənəvi status qazanıb. “Şərq-Qərb” festivallar festivalı statusunu daşıdığı üçün burada yalnız digər festivallarda uğur qazanmış ekran əsərləri iştirak edib.

Festivalın prezidenti Rüstəm İbrahimbəyov, baş direktoru Abbas Əliyev olub.

Festivalın sonuncusu – XI Şərq-Qərb Bakı Beynəlxalq Kinofestivalı 2009-cu ildə keçirilib.

 

I ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (I FESTİVALLAR FESTİVALI ) (1996)

23-27 oktyabr 1996-cı il tarixlərində keçirilib.

Festival çərçivəsində “Postsovet məkanı: kinematoqraf və həyat” mövzusunda dəyirmi masa keçirilib.

 

II ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (II FESTİVALLAR FESTİVALI) (1998)

2-8 may 1998-ci il tarixlərində keçirilib.

Festivalın proqramına “Məhəbbət üçbucağı: bu gün və sabah” mövzusunda dəyirmi masa daxil edilib.

Mükafatlar:

Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz: Alla Klyuka

Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz: Rayn Simmul

Bəşəriyyətə ən humanist göndəriş: Andrey Xrjanovski

Dünya kinematoqrafındakı xidmətlərinə görə: aktrisa Mayya Aymedova

 

III ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (1999)

8-14 okyabr 1999-cu il tarixlərində keçirilib. 1999-cu ildən başlayaraq təsisçilərin qərarı ilə “Festivallar Festivalı” “Şərq-Qərb” adlandırılıb.

Festival çərçivəsində “Azərbaycan kinosu: son on ildə” və “Kino mədəniyyət konteksində” mövzulu dəyirmi masalar keçirilib.

Əsas proqrama daxil olan 10 filmdən əlavə Amerika Kino Fondunun “Freedom” (Azadlıq) festivalı və NTV-profit ayrı-ayrılıqda 4 film təqdim ediblər. Bunlarla yanaşı festivalda Azərbaycan kinematoqrafçılarının çəkdiyi 6 tammetrajlı, 4 qısametrajlı və 2 animasiya filmi də nümayiş etdirilib.

Mükafatlar:

Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz: Fatma İbrahimbəyova

Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz: Mixail Ulyanov

Bəşəriyyətə ən humanist göndəriş: Yananın dostları (rejissor Arik Kaplun)

Dünya kinematoqrafındakı xidmətlərinə görə: aktrisa Türkan Şoray, rejissor Emil Lotyanu

 

IV ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (2000)

18-25 dekabr 2000-ci il tarixlərində keçirilib.

Festival çərçivəsində “Şərq-Qərb” və müasir kinoprosesin problemləri” mövzusunda dəyirmi masa keçirilib.

Milli kinematoqrafın başlanğıcı. 2000-ci ildən baxış” adlı retrospektiv bölümdə Rus, Azərbaycan, Gürcü, habelə digər ölkə kinematoqrafçılarının bu sahədə ilk addımlarını atdığı dövrü əks etdirən filmlər nümayiş etdirilib. Şərqi Avropa və Avrasiyada istehsal olunan filmlərin Qərb ekranında təbliği məqsədilə Amerika Kino Fondunun təşkil etdiyi “Azadlıq” festivalı keçirilib.

Mükafatlar:

Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz: Natalya Qundaryova

Bəşəriyyətə ən humanist göndəriş: Şərq elə Şərqdir (D.O.Donnel)

Dünya kinematoqrafındakı xidmətlərinə görə: rejissor Georgi Daneliya

Kino sənətindəki xüsusi xidmətlərinə görə: aktrisa Lidiya Smirnova

Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı naminə: “Filip Morris Menegment Servises B.V. Azərbaycan” Şirkətinin nümayəndəsi İlqar Kərimov

 

V ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (2002)

11-18 oktyabr 2002-ci il tarixlərində keçirilib.

Proqramdan kənar Retrospektiv - 90-cı illərdə Qazaxıstanda istehsal edilmiş filmlər nümayiş etdirilib. Həmçinin festival çərçivəsində “Nika” Ümumrusiya Kino Sənəti Akademiyasının mükafatlarını almış filmlər göstərilib. Festival üzrə həyata keçirilən tədbirlərə dəyirmi masalar, Sovet kinosunun klassiki Nikolay Şengelayanın (Rusiya) xatirə gecəsi, kino aktyoru və televiziya rejissoru Tofiq Mirzəyevin (Azərbaycan) yaradıcılıq gecəsi daxil olub. “Yeni reallıq. Kinematoqraf 11 sentyabr 2001-ci ildən sonra”, “Qlobal dünyanın çagırışları və milli özünüdərkin stereotipləri”, “Avropa ölkələrində gender siyasəti: sənədli kinonun şahidliyi” mövzularında dəyirmi masalar keçirilib.

 

VI ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (2004)

15-19 may 2004-cü ildə 7 ölkədən 10 filmin iştirakı ilə keçirildi.

Festivalın açılış günü “Neft” qısametrajlı sənədli filmi (rejissor Murad İbrahimbəyov, Rusiya) və proqramdan kənar rejissor Hüseyn Mehdiyevin “Məkanın melodiyası” tammetrajlı bədii filmi nümayiş etdirilib. Kiçik yaşlı tamaşaçılar üçün rejissor İvan Popovun “Balaca lordun sevinci və kədəri” bədii filmi göstərilib. Həmçinin Əjdər İbrahimovun filmlərinə retrobaxış olub və onun çəkdiyi "Məhəbbətim mənim, kədərim mənim" filmi göstərilib. Festival çərçivəsində “qolbal dünyanın çağırışları: milli kinematoqraf XXI əsrin əvvəllərində” mövzusunda dəyirmi masa keçirilib.

Mükafatlar:

Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz: Ayan Yesmaqambetova (Leylanın duası, Satıbaldı Narımbetov, Özbəkistan, 2002)

Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz: Aleksandr Abdulov (Məhəbbət haqqında, Sergey Solovyov, Rusiya, 2003)

Bəşəriyyətə ən humanist göndəriş: Stanislav Qovoruxin (Qadına xeyir-dua verin, Stanislav Qovoruxin, Rusiya, 2003)

Dünya kinematoqrafındakı xidmətlərinə görə: Sergey Solovyov (Məhəbbət haqqında, Sergey Solovyov, Rusiya, 2003)

Azərbaycan kinosunun inkişafındakı xidmətlərinə: aktyor Aleksandr Kalyagin (Rusiya)

Yaratdığı misilsiz qadın obrazlarına görə: aktrisa Lüdmila Zayseva (Rusiya)

 

VII ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (2005)

2-8 oktyabr 2005-ci il tarixlərində keçirilib. Festival çərçivəsində “Avropa yayımı üçün az büdcəli filmlərin prodüserliyi” mövzusunda seminar keçirilib.

Mükafatlar:

Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz: Georgi Masxaraşvili (Tiflis, Tiflis)

Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz: Mehriban Zəki (Küçələrə su səpmişəm, Azərbaycan)

Bəşəriyyətə ən humanist göndəriş: Qulandom Muxabbatov, Daler Rahmatov (Azmış)

Avrasiya kinematoqrafındakı xidmətlərinə görə: rejissor Pavel Lunqin, rejissor Şarunas Bartas

 

VIII ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (2006)

4-9 sentyabr 2006-cı il tarixlərində keçirilib. Festival çərçivəsində Rasim Ocaqovun filmlərinə retrospektiv baxış, “MDB və Baltikyanı ölkələrdə müştərək kino istehsalının hüquqi və təşkilatı problemləri”, “Müasir Azərbaycan sənədli kinosu” mövzusunda dəyirmi masalar keçirilib.

Mükafatlar:

Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz: Timur Bədəlbəyli (Əlvida, cənub şəhəri, Azərbaycan)

Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz: Rano Şodiyeva (Vətən, Özbəkistan)

Avrasiya kinematoqrafındakı xidmətlərinə görə: rejissor Valeri Rubinçik (Rusiya)

Bəşəriyyətə ən humanist göndəriş: rejissor Artyom Antonov (Alatoran, Rusiya)

 

IX ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (2007)

5-10 sentyabr 2007-ci il tarixlərində keçirilib. Festival çərçivəsində “Milli kino - böyük ekrana yol” mövzusunda dəyirmi masa, Gürcü filmlərinin retrospektivi, Beynəlxalq Uşaq Filmləri Festivalı keçirilib.

Mükafatlar:

Avrasiyada kinematoqrafiyanın inkişafındakı xidmətlərinə görə: Pavel Çuxray (Rusiya), Xocaqulu Narliyev (Türkmənistan)

Bəşəriyyətə ən humanist göndəriş: Janabey Jetiurova (Yol gözətçisinin qeydləri, Qazaxıstan)

Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz: Georgi Nakaşidze (Xəyallar məzarlığı, Gürcüstan)

Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz: Kseniya Kupetova (Ev heyvanları ilə səyahət, Rusiya)

Tamaşaçı rəğbətinə görə: Turan Özdemir (Dondurmam qaymaq, Türkiyə)

Həyatın dərin fəlsəfi dərkinə görə: Məcid Məcidi (Məcnun söyüd, İran)

Böyük ekranda ümidverici debütə görə: Mehriban Ələkbərzadə (Məhkumlar, Azərbaycan)

Müasir bəşəri problemlərin yüksək bədii təcəssümünə görə: Bruno Dyumon (Flandriya, Fransa)

Şair taleyinin ekranda təcəssümünə görə: Ramiz Həsənoğlu (Cavid ömrü, Azərbaycan)

Bədii mövqenin saxlanılması: Larisa Sadilova (Şəxsi heç nə, Rusiya)

Sadə şeylərin mürəkkəbliyinin dərindən dərk edilməsi: Aleksey Popoqrebski (Sadə şeylər, Rusiya)

Gözəllik və ümid duyğularının ekranda təcəssümü: aktrisa Marina Poliçeymako (Çayda, Ukrayna)

 

X ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (2008)

1-7 iyun 2008-ci il tarixlərində keçirilib. Festival çərçivəsində “Milli kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Festivalda Polşanın tanınmış kinorejissoru Kşiştof Zanussinin retrospektivi təşkil olunub.

Mükafatlar:

Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz: Fəxrəddin Manafov (Hökmdarın taleyi, Azərbaycan)

Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz: Asema Toktobekova (İşıqlı sərinlik, Qırğızıstan)

Bəşəriyyətə ən humanist göndəriş: Puran Drəxşəndə (Əbədi uşaqlar, İran)

Dünya kinosunun inkişafındakı xidmətlərinə görə: Kşiştov Zanussi (Polşa)

Ən yaxşı debüt film: İqor Kalyonov (Aleksandr. Nevski Döyüşü, Rusiya)

 

XI ŞƏRQ-QƏRB BAKI BEYNƏLXALQ KİNOFESTİVALI (2009)

18-23 sentyabr 2009-cu il tarixlərində keçirilib. Bakının 2009-cu il İslam Mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar olaraq festivala müsəlman ölkələrində istehsal edilmiş filmlərin panoraması daxil edilib. Bununla yanaşı, festivalda ənənəvi olaraq Avrasiya ölkələrində istehsal edilən, beynəlxalq festivallarda iştirak etmiş ekran əsərlərinin panoraması təqdim edilib. Festivalın əlamətdar hadisəsi tanınmış Çex kinematoqrafçısı, “Qızıl Qlobus” mükafatına layiq görülən, ssenarist və prodüsser Yan Sverakın filmlərinin retrospektivi olub. Festival çərçivəsində “Müsəlman mistisizmi və onun dünya mədəniyyətinə təsiri” mövzusunda dəyirmi masa keçirilib.

Mükafatlar:

“Ən parlaq debüt”: 40-cı qapı (Elçin Musaoğlu)

 

 

   Şərq - Qərb Bakı Beynəlxalq Kinofestivalı (Festivallar Festivalı)

Fotolar