Abbas Abdulla

Ssenari müəllifi

Doğum tarixi:

12 may 1940

Vəfat tarixi:

04 sentyabr 2019


Abbas Abdulla (Abbas Acalov Hacaloğlu) Bolnisinin Bolus Kəpənəkçisi kəndində (Gürcüstan) anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1958-1963), Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında (1964-1966), AKP MK yanında Marksizm-Leninizm Universitetinin İdeoloji kadrlar fakültəsində (1981-1982) təhsil alıb. Ukrayna EA-nın Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçib. Bir müddət öz kəndində müəllimlik edib (1958-1959). Tələbəlik illərində Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, zavodun “Neftayıran” qəzeti redaksiyasında əməkdaş olub (1961-1963). “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981-1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətində (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib (1991-1992), “Ulduz” jurnalının məsul katibi, baş redaktoru (1987-1992) olub. Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri və Ağsaqqallar Şurasının üzvü olub. Müsavat Partiyası bərpa komissiyasının üzvü, Ali Məclis və Divan üzvü seçilib (1992). Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) vəzifəsini yerinə yetirib. Ədəbi fəaliyyətə “Öyün, vətənim!” adlı ilk şeiri “Şərqin şəfəqi” (1957, Tiflis) qəzetində çap ediləndən sonra başlayıb. Yaradıcılığında bədii tərcümə üstünlük təşkil edir, Ukrayna dilindən tərcümələr edib. Əməkdar mədəniyyət işçisi (1984), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984) Abbas Abdulla 2019-cu ildə vəfat edib, Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn olunub.