Abbas Pənahi Makulu

Əsərindən istifadə olunub

Doğum tarixi:

01 may 1900

Vəfat tarixi:

29 sentyabr 1971


Abbas Hacı Ələkbər oğlu Pənahi Makulu (Pənahi Makulu) Maku şəhərində (İran) anadan olub. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli "Xeyriyyə" məktəbində alıb. On beş yaşından ana dilində satirik şeirlər yazmağa başlayıb. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyub. "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında çap olunan ilk nəsr əsəri "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutub. Bundan sonra bir-birinin ardınca İrandakı ictimai-siyasi prosesləri açıqlayan hekayələr, povestlər, romanlar, felyetonlar yazıb. 1928-ci ildə atasının xəstəliyi ilə əlaqədar İrana qayıdan Abbas müəyyən həyati çətinliklərlə üz-üzə qalıb, bu səbəbdən də ədəbi yaradıcılığında bir müddət fasilə yaranıb. Bu dövrdə siyasi fəaliyyətlə məşğul olub. 1936-cı ildə siyasi görüşlərinə görə həbs olunub, Zəncana sürgün edilib. 1941-ci ildən etibarən isə yazıçının ədəbi fəaliyyətində yeni mərhələ başlanıb. "Azərbaycan" qəzetinin əməkdaşı kimi dövrün hadisələrini əks etdirən felyetonlar, tənqidi məqalələr yazıb. Seyid Cəfər Pişəvərinin Azərbaycan Demokratik firqəsinə üzv olub, partiyanın rəhbər orqanlarına seçilib. Milli hökumətdə Siyasi İdarənin rəisi olub, bu dövrdə daha çox ictimai-siyasi xadim kimi fəaliyyət göstərib. 1946-cı ildə Milli Hökumət devrildikdən sonra Bakıya gəlib. Bir-birinin ardınca "Mübarizlər", "Səttarxan", "Gizli zindan", "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" kimi tarixi romanlar yazıb. Azərbaycanın müstəqilliyi, vahidliyi uğrunda alovlu mübariz Abbas Pənahi Makulu 1971-ci ildə Bakıda vəfat edib. Vəfatından sonra – 1972-ci ildə "Səttarxan" romanı Moskvada 100 min tirajla çap olunub.