Abbas Zamanov
Doğum tarixi:
10 oktyabr 1911
Vəfat tarixi:
01 aprel 1993
Abbas Fəttah oğlu Zamanov Şərurun Maxta kəndində anadan olub. Bakı Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində (1939) təhsil alıb. Rəhbər komsomol işçisi (1929-1937), “Gənc işçi” qəzeti redaksiyasında məsul redaktorun müavini (1933-1934), “Ədəbiyyat” qəzetində məsul katib, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində müdir (1937-1939), Opera və Balet Teatrının, Filarmoniyanın direktoru (1940-1941), Ədəbiyyat muzeyinin direktoru (1968-1971) vəzifələrində çalışıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948-1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960-1968), Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979) olub. Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayıb. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Konya Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1989) seçilib. Mətnşünaslıq sahəsində fəaliyyət göstərib, bir çox müəlliflərin əsərlərini tərtib və nəşr etdirib. “Sabir xatirələrdə” (1982), “Cavidi xatırlarkən” (1982) kitablarını kütləvi tirajla çap etdirib. Ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru (1968), professor (1971), Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983) Abbas Zamanov 1993-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
