Abbasqulu ağa Bakıxanov
Doğum tarixi:
21 iyun 1794
Vəfat tarixi:
31 may 1847
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (Qüdsi) Bakının Əmircan (Xilə) kəndində anadan olub. 8 yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olub. 1819-cu ildə Qafqazın baş hakimi general Aleksey Yermolovun dəvəti ilə Tiflisdə Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunub və 26 il bu vəzifədə çalışıb. Türkmənçay (1828) və Gülüstan müqavilələrinin (1813) imzalanmasında tərcüməçi kimi iştirak edib. Tiflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüş onun dünyagörüşündə dərin iz buraxıb. Burada Aleksandr Qriboyedovla tanış olub. Həmin dövrdə Tiflisdə yaşamış alman şair Fridrix Bodenştedt "Şərqdə min bir gün" adlı əsərində onun yaradıcılığına yüksək qiymət verir. "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyub. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. “Qanuni-Qüdsi”, “Əsrarül-Mələkut”, “Təhzibül-Əxlaq”, “Eynul-Mizan” əsərlərinin müəllifi, Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından olub. Jurnalist kimi "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz" qəzetlərinin fəaliyyətində iştirak edib. Ömrünün sonlarında Yaxın Şərqə səyahətə çıxıb. Abbasqulu ağa Bakıxanov 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutularaq vəfat edib, həmin yerdə dəfn olunub.

Filmoqrafiya
-
Abbas Mirzə Şərifzadə Kastinq meneceri