Abdulla Şaiq
Doğum tarixi:
24 fevral 1881
Vəfat tarixi:
24 iyun 1959
Abdulla Şaiq (Abdulla Talıbzadə Axund Mustafa oğlu) Tiflisdə anadan olub. İlk təhsilini şəhər müsəlman məktəbində alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana köçüb, orada Yusif Ziyanın məktəbində təhsilini davam etdirib. Yeddi il Xorasanda tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənib. 1900-cü ildə Tiflisə, 1901-ci ildə Bakıya gəlib. Bakıda bir rus ziyalısının böyük kitabxanasını alıb. 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb, ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib. 1906-cı ildə Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində xidmətləri olub. Qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edib. I Müəllimlər Qurultayından heç bir il keçməmiş yeni dərsliklər yaranıb: “Əlifba”, “Uşaq çeşməyi”, “İkinci il”, “Gülzar” və s. Müstəqil Azərbaycan ideyasında öndər ziyalılarla həmfikir olub. 1919-cu ildə Azərbaycan Dövlət Universitetinin yaranması ilə bağlı “Tələbə həyatı” pyesini yazıb, yarımçıq “Əsrimizin qəhrəmanları” romanını tamamlayıb. Bu illərdə qələmə aldığı “Yeni ay doğarkən”, “Türk ədəmi mərkəziyyət Müsavata ithaf”, “Arazdan Turana” kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir. “Vətənin yanıq səsi” şeirində oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusu örnək göstərilib. “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şeirində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib. AXC dövründə bir neçə məktəbi milliləşdirib, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradıb. Proqram və dərsliklər hazırlayan komissiyasının üzvü kimi çalışıb. Yaradıcılığa tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub. 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyasının incilərini yaradıb. Azərbaycan uşaq dramaturgiyasının banisi olaraq “Tülkü həccə gedir”, “Yaхşı arхa”, “Şələquyruq” mənzum hekayələrində gözüaçıqlıq, təvazökarlıq, təbiəti sevmək təbliğ edir. 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyub. Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan” yarımçıq romanı ilə başlayan ədib “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda”, “Dursun”, “Əsrimizin qəhrəmanları” kimi hekayə, povest və romanlar yazıb. “Köç”, “Məktub yetişmədi” hekayələri və “Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr örnəkləri kimi dəyərləndirilir. “Həpimiz bir günəşin zərrəsiyiz” əsəri şairin o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən romantik şeirlərindəndir. Yazıçı, pedaqoq, ictimai хadim, Əməkdar incəsənət xadimi (1940) Abdulla Şaiq 1959-cu ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
