Akif Əli

Aktyor Ssenari müəllifi Rejissor assistenti

Doğum tarixi:

22 fevral 1952


Akif Əli (Akif Məhərrəmov Əli oğlu) Şuşada anadan olub. Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunda (1974), “Azərbaycanfilm” kinostudiyasının nəzdindəki Kinoaktyorluq kursunda (1974), Bakı Ali Partiya Məktəbində (1989) təhsil alıb.

Kinostudiyada rejissor assistenti və aktyor (1974-1978), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-1983), Televiziyanın Gənclər üçün proqramlar baş redaksiyasının baş redaktoru (1983-1987), “Vətən səsi” qəzetinin həmtəsisçisi (1990) və baş redaktoru (1991-1993), Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994), Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994-2019) vəzifələrində çalışıb.

Tacikistan istehsalı olan “Uzun müharibədə qısa görüşlər” (1975, rejissorlar Abdulsalom Rəhimov, Stanislav Çaplin) filmində baş rola (Rüstəm) çəkilib. Çox sayıda elmi-publisistik məqalələrin, teleradio ssenarilərinin və publisistik əsərlərin, “Mozalan” kinosüjetlərinin müəllifidir.

“Gözəlliyin qədrini bilək” (1984), “Azərbaycanın müasir kinoaktyorları” (1984), “Unudulmaz yollar” (1985), “Məhəbbət təranələri” (1989), “Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin satira sənətkarlığı” (1999), “Öncə - vətəndir” (2003), “Böyük ömrün anları” (2004), “İdrak” (2007) kitabları çap olunub. Tərcümələri var.

Populyar radio proqramlarının (“Sabahınız xeyir” əyləncəli proqramı, “Molla Nəsrəddin” satirik radiojurnalı, “Gülüş axşamı” – 1981-1983), televiziya verilişlərinin (“Zəriflik” incəsənət toplusu, “Aygün” qızlar üçün proqram, “7 sual, 7 cavab” televiktorinası, “İdrak” elmi-kütləvi proqramı, “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay” əyləncəli proqramları, “Mənəvi dünyamız”, “Gənclik” televiziya jurnalı, “Çinar” ədəbi almanaxı - 1983-1987) müəllifi və redaktoru olub. 

Mədəniyyət” kanalında yayımlanan “Zaman və məkan” kulturoloji proqramın və İctimai televiziyada xaricdə yaşayan soydaşlarımıza ünvanlanan “Vətənin səsi” verilişinin müəllifi və aparıcısı olub (2011–2018). Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq, Azərbaycan EA Ədəbiyyat İnstitutunda “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb (1988), dosentdir (2000).

“Qızıl qələm” mükafatına, “Dövlət qulluğunda fərqlənməyə görə” medalına (2013), 2-ci dərəcəli Dövlət müşaviri rütbəsinə (2012) layiq görülüb. Əməkdar jurnalistdir (2019).