Arzu Soltan

Ssenari müəllifi Aktrisa

Doğum tarixi:

02 fevral 1971


Arzu Soltan (Arzu Əli qızı Həsənli) Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsin(1995), Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetinin Kommunikasiya və media çalışmaları fakültəsində doktorantura təhsili alıb.

1988-ci ildən mətbuatda çalışır. “İnşaatçı”, “Ordu” qəzetlərində və “Olaylar” informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. “Çox yaşa” və “Uşaq Teatrı” qəzetlərinin, “Diplomat Körpəm” uşaq jurnalının və Proloq.az onlayın jurnalının baş redaktoru olub. Müstəqil jurnalist kimi müxtəlif mətbuat orqanlarında çıxış edib. Nəriman Nərimanov adına Kütləvi Kitabxananın direktoru olaraq çalışıb (2008-2011).

ABŞ-da və bir sıra Avropa ölkələrində jurnalistlər və mədəniyyət menecerləri üçün keçirilən müxtəlif kursların və təlimlərin, forumların, elmi konfransların iştirakçısı, məruzəçisi, aparıcısı, Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatoru olub. Televiziya verilişlərinin və uşaq filmlərinin ssenari müəllifi, ABŞ-ın Save the Children təşkilatının “Children Tolerance Education Program” layihəsi çərçivəsində hazırlanan  “Quşcuğazın hekayətləri” silsilə uşaq verilişlərinin ssenari müəlliflərindən biridir.

“Körpəm” Eksperimental Uşaq Teatrının, daha sonra Bakı Uşaq Teatrının (2020-ci ildən Bakı Uşaq və Gənclər Teatrı) ədəbi hissə müdiri kimi fəaliyyət göstərib (2021-ci ilə qədər).

1990-cı ildən bu teatrlarda onlarla pyesi səhnələşdirilib. Tamaşaları müxtəlif yerli və beynəlxalq festivalların iştirakçısı və diplomçusu olub. Narkomaniya və QİÇS mövzusuna həsr olunmuş “Xaşxaşın göz yaşı və ya Həyatla oyun”n tamaşası Bakıda və bölgələrdə 500 dəfədən çox nümayiş olunub. Yerli və beynəlxalq təşkilatların, Avropa Şurasının narkotiklərə qarşı mübarizə üzrə “Pompidou qrupu”nun diplomuna layiq görülüb.

Bakı Uşaq və Gənclər Teatrının nəzdində fəaliyyət göstərən və müxtəlif maarifləndirici layihələr həyata keçirən FORUMCLUB-un rəhbəridir. Uşaq hüquqlarına həsr olunmuş “Baş rolda hüquqlarımız” kitabı işıq üzü görüb (2005). Avrasiya Fondu, Avstriyanın Intercultural Centre, Litvanın the Association for non-formal Education təşkilatlarının gənc jurnalistlər üçün nəzərdə tutulan “Cənubi Qafqaz Avropanın bir hissəsidir” (2007-2010) layihəsində təlimçi-ekspert kimi çalışıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Qadın İştirakçılığı Proqramı tərəfindən “Qadınlar mediada” nominasiyası üzrə gender bərabərliyi məsələlərini kütləvi informasiya vasitələrində geniş işıqlandırdığına görə mükafat alıb (2012).

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədrinin müavini və “Miras” elmi-kütləvi jurnalının məsul katibi vəzifəsində çalışıb (2011-2013). Təşkilatın həyata keçirdiyi bir sıra layihələtin rəhbəri, nəşr etdirdiyi kitabların həmmüəllifi və redaktoru olub.

2020-ci ildən T-network təhsil işçilərinin kommunikasiya platformasının layihələrində çalışır.

2015-ci ildə “Birpərdəli uşaq pyesləri” adlı kitabı işıq üzü görüb. Onlarla kitabın tərcüməçisi və redaktorudur. Əsərləri Azərbaycanda müxtəlif teatrlarda, eləcə də xarici ölkələrdə səhnələşdirilib. Hekayələrinə görə Milli Kitab Mükafatının diplomuna layiq görülüb (2010).

Hazırda Bakı Uşaq və Gənclər Teatrında ssenarist olaraq fəaliyyətini davam etdirir.

2021-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının baş redaktorudur.

Ssenarist Arzu Soltan aktyor İntiqam Soltanın həyat yoldaşıdır.