Əkbər Fərzəliyev
Doğum tarixi:
01 oktyabr 1932
Vəfat tarixi:
07 may 1999
Əkbər Fərzəlidin oğlu Fərzəliyev Qusarın Köhnə Xudat kəndində anadan olub.
1953-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olub. Buradakı təhsilini III kursdan sonra dayandırmalı olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsl alıb (1971), ömrünün sonuna kimi əsasən vəkil işləyib.
Azərbaycan Dövlət Dram Teatrında kütləvi səhnələrdə çıxış edib. “Azərbaycanfilm” kinostudiyasında aktyor (1956-1961) və rejissor assistenti (1960−1961) işləyib. 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib, teatrın rejissoru, Qusar rayon Mədəniyyət evinin direktoru (1965-1970) olub. 1966-cı ildə onun rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində “Ləzgi mahnı və rəqs ansamblı” təşkil olunub. Onun rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu “Qisas” tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub (1967). Rejissor kimi “30 qəpiklik cərimə” (1969), “Müqtədir” (1969), “Dağlar şahiddir” (1971), “Yarımın atası” (1977), “İmam Şamil” (1996) tamaşalarına quruluş verib.
Uzun illər nəsr və poeziya yaradıcılığına da maraq göstərib, “İntizar” şeirinə musiqi bəstələnib.
Rusiya istehsalı olan “Al yelkənlər” (1961, rejissor Aleksandr Ptuşko) filmində dalğıc rolunda çəkilib.
1971-ci ildə Qusar rayon İstehlak Cəmiyyətləri İttifaqında hüquqşünas təyin olunub və 1993-cü ilin sonunadək bu vəzifədə çalışıb. 1978-ci ildə Qusar rayon Xalq Məhkəməsində müvəqqəti olaraq xalq hakimi, təqaüdə çıxandan sonra Xalq məhkəməsində tərcüməçi işləyib.
Əkbər Fərzəliyev 1999-cu ildə vəfat edib.
