Əlimürsəl Hacızadə
Doğum tarixi:
18 sentyabr 1957
Əlimürsəl Hacızadə Sabirabad rayonunda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1974-1979).
1982-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor assistenti kimi əmək fəaliyyətinə başlayıb. Rejissor kimi ilk işi 1984-cü ildə BAM-ın İlkan qəsəbəsindən hazırladığı silsilə verilişlərdir. 1985-ci ildə “Cənub sərhədlərinin keşiyində” adlı ilk hərbi verilişin məsul rejissoru olub. 1984-1987-ci illərdə “7 sual, 7 cavab”, “Aygün” qızlar üçün proqram, “Telekörpu” kimi çətin komponentli verilişlər edib. 1990-cı ildə Azərbaycan Televiziyasının enerji blokunun partladılmasının şahidi, elə həmin il televiziyada hazırlanan “Yaddaş” verilişinin rejissoru olub. 1989-cu ildə Şuşa televiziyasında çalışıb. 1992-ci ildə ölkəmiz müstəqillik qazandıqdan sonra Azadlıq meydanında keçirilən hərbi paradın televiziya rejissorudur. 1992-ci ildən “Uşaq, Gənclik və Maarifçilik” studiyasının, 1994-cü ildən isə “Yurd” mübadilə redaksiyasının yaradıcılarından biri və baş rejissoru olub.
1999-cu ildən 2006-cı ilədək Space televiziyasında müəllif departamentində rejissor və “Xəbərlər” departamentində baş rejissor kimi çalışıb.
2006-cı ildən yenidən AzTV-yə qayıdıb və “Hərbi - vətənpərvərlik” redaksiyasına məsul rejıssor təyin olunub. Bir müddət həmin redaksiyada baş redaktoru əvəz edib.
2018-ci ildən AzTV-də fəaliyyət göstərən Teleradio Akademiyasında Rejissor və operator işi şöbəsinin müdiri vəzifəsində çalışıb.
