Qurban Məsimov
Doğum tarixi:
26 yanvar 1971
Qurban Abdulla oğlu Məsimov (Qurban Məsimli) Şəkidə anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (1988-1993), Bakı Musiqi Akademiyasının Vokal şöbəsində (1995-2001), Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda (1998, Gürcüstan) təhsil alıb. Sofiyada “Yay Akademiyası” proqramı çərçivəsində “Fildenkrayz Metodu” seminarında iştirak edib (2000, Bolqarıstan).
1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli yığıncağı” Pantomim Teatr-Studiyasında fəaliyyət göstərib. 2000-ci ildə teatr dövlət statusu alaraq Dövlət Pantomim Teatrı olub. ABA televiziyasında yayımlanan “Nəm-Nəm” (2000-2002), Lider televiziyasında “Mətbəxdə Şou-Nəm-Nəm” (2003), Azərbaycan televiziyasında “Gülməşəkər” verilişlərinin aparıcısı olub. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri var. Səhnə təxəllüsü “Kloun Appa”dır.
Xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev, Krestovski agenti rolunda / Rusiya), “Arzular” (2005, rejissor Rəhbər Qənbəri, Araz rolunda / İran), “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi, Ruhiddin rolunda / İran) və “Səkkizinci asiman” (2011, rejissor Həsən Nəcəfi, Qurban rolunda / İran) filmlərində çəkilib.
2013-cü ildən Azərbaycan Dövlət Kukla Teatrının baş rejissorudur.
2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu kafedrasının müəllimidir.
“Humay” mükafatçısı (2019), Əməkdar artistdir (2019).
