Vasif Babayev
Doğum tarixi:
16 sentyabr 1940
Vasif Hacıağa oğlu Babayev Bakıda anadan olub.
Azərbaycan Dövlət Teatr İnstitutunda (1958-1965), Leninqrad Televiziyası nəzdində Ali Televiziya rejissoru kurslarında (1966) təhsil alıb.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor assistenti, rejissor (1964-1969), baş rejissor (1969-1991), bədii rəhbər (1991-1994) işləyib. “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan filialının direktoru (1994-1995), “SARA” Müstəqil Teleradio Şirkətinin icraçı direktoru (1996-1999), Moskvada Rusiyanın “İnter-AZ” Müstəqil Teleradio şirkətinin vitse-prezidenti (2001-2006) olub.
Onlarla “Yeni il: Mavi işıq” adlı televiziya bayram verilişlərinə quruluş verib (1969-1987). Nadejda İsmayılova ilə birlikdə DTK-nın arxivində araşdırmalar apararaq “siyasi məhbuslar”ın şəxsi işləri əsasında silsilə verilişlər hazırlayıb (1987). 1969-1982-ci illərdə Heydər Əliyevin iştirakı ilə keçirilən dövlət tədbirlərinin, translyasiyaların aparıcı rejissoru olub. 1972-1987-ci illərdə SSRİ Mərkəzi Televiziyasından İnterviziya sistemi ilə sosialist dövlətlərinə yayımlanan Azərbaycan haqqında iki saatlıq filmlərin rejissoru olub. “Hər çinardan bir yarpaq”, “Mahnı şəhəri gəzir”, “Caz monoloqu”, “Arzular” musiqi poçtu, “Dalğa”, “Görüşlər, xatirələr”, “Şənbədən şənbəyə”, “Drujba studiyası”, “24 saat”, “Asiman”, “Nəğməli bağ”, “17-ci mərtəbə”, “Şans bazarı”, “Korifeylər”,“Arzular, təbriklər”, “Şurum-burum”, “Rezonans”, “Həftə”, “Yeddi gün”, “Kontakt”, “Sara-xəbər”, “Dedim-dedi”, “İnter-Diaspora” verilişlərinin rejissoru olub.
40-dan çox sənədli filmin müəllifi və rejissorudur. Filmlərinə görə müxtəlif beynəlxalq və Ümumittifaq festivalların mükafatlarına layiq görülüb: “Sahil bağı” filminə görə “Prometey 67” Zona Kinofestivalında debüt nominasiyası üzrə mükafata (1967, Kiyev), 1-ci Ümumittifaq televiziya filmləri festivalında münsiflər heyətinin mükafatına (1968, Moskva) layiq görülüb. “Qızıl güllər diyarı” filminə görə “Prometey-69” Kinofestivalında diplom alıb (1969, Tbilisi). “Sovet Azərbaycanı” filmi Ümumittifaq Telefilmlər Festivalında SSRİ Jurnalistlər İttifaqının Mükafatına layiq görülüb (1977, Leninqrad). “Şəki” filmi Ümumittifaq Telefilmləri Festivalında Naxodka şəhərinin mükafatını alıb (1978, Vladivostok). “Xuraman” filmi Ümumittifaq Telefilmləri Festivalında Böyük mükafat – “Qrand-Prix” alıb (1979, Bakı). “Azərbaycan iri addımlarla irəliləyir” filmi isə həmin Festivalda Münsiflərin xüsusi mükafatına layiq görülüb. “Həqiqətin anı” filmi Ümumittifaq Telefimləri Festivalında diplom alıb (1985, Kiyev). Müxtəlif festivallarda münsiflər heyətinin və ekspert komissiyalarının üzvü kimi fəaliyyət göstərib.
“SSRİ Televiziya və Radio Əlaçısı”dır (1981). “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Nümayəndəliyinin direktoru işləyərkən, nümayəndəlik beynəlxalq “Humay” mükafatına layiq görülüb (1994). “Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə” nominasiyası üzrə “Qızıl Pəri” Mükafatına layiq görülüb (2018). Beynəlxalq Televiziya və Radio Akademiyasının akademikidir.
Əməkdar artist (1977), Xalq artistidir (1989).
Rejissor Vasif Babayev rejissor Arif Babayevin qardaşıdır.
