Azərbaycan televiziyası (AzTV)


Təsis tarixi: 1956

Sədr: Rövşən Məmmədov

Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.

1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya idarəsi ayrılıqda fəaliyyət göstərirdi. 1957-ci ilin oktyabrında Mədəniyyət nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı.

1956: Bakı Televiziya Studiyası

1957: Dövlət Radio və Televiziya Verilişləri Komitəsi

1970: Dövlət Televiziya və Radio Verilişləri Komitəsi

1991: Dövlət Televiziya və Radio Verilişləri Şirkəti

2005: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti

2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası “Avropa keyfiyyəti” medalına layiq görülüb.

6 noyabr 2013-cü ildə 16:9 təsvir formatlı yayıma keçilib.

31 may 2021-ci ildən etibarən Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başlayıb.

28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçilib.

1956-cı il sentyabrın 2-nə qədər Bakı studiyası artıq 100-ə qədər bədii film göstərmişdi. Bakılılar televiziya ilə "Sovet Azərbaycanı", "Elm və texnika", "Xarici xronika", "Pioner" adlı kino jurnallarına baxa bilirdilər.

İlk dövrdə Bakı studiyası 30 kvadrat metrlik iki otaqdan ibarət idi. Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi. Studiyada yalnız 1 studiya telekamerası, eləcə də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında iki kamera yerləşdirilmişdi. Üç kameradan biri diktor, yaxud çıxışçı, digər ikisi isə film üçün idi. Studiyadakı kamera sıradan çıxdıqda, diktorun təsviri və mətni kinoproyeksiya otağından verilirdi.

1957-ci il iyunun 9-da ilk dəfə Respublika Stadionundan futbol oyunu translyasiya edildi. Stadiondan reportajı radiojurnalist Valid Sənani aparırdı. İyunun 28-də isə həmin stadiondan tələbə və gənclərin festivalı göstərildi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası və digər konsert salonlarından birbaşa yayımlara başlanıldı.

1958-ci ildə Leninqraddan (indiki Sankt-Peterburq) o dövr üçün müasir texniki vasitə sayılan səkkiz kanallı avadanlıq alındı, televiziya mərkəzində yenidənqurma işləri başlanıldı. 60-cı illərin ortalarından studiyalarda yeni texnologiya tətbiq edildi. 1965-ci ildən çəkiliş pavilyonunda istifadə olunan KMZI-4 videoyazı texnikası tamaşaların videomaqnit lentinə köçürülməsinə şərait yaratdı. 1970-ci ilə qədər yerli efir məkanında video texnikasının olmaması televiziyanın inkişafını ləngidirdi. Yalnız 1970–1972-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə başlanıldı. 1971-ci ildə istifadəyə verilən təkmilləşdirilmiş "Kadr-2" video sistemi isə montaj üçün əlverişli şərait yaratdı.

1970-ci ildən Moskva televiziyası proqramları rəngli yayımlamağa başladı. Azərbaycan televiziyası isə 1973-cü ildən yalnız Bakıda rəngli yayıma keçə bildi. 70-ci illərin ortalarından KADR-3R videmaqnitofonundan istifadəyə başlanılması keyfiyyətli elektron montajına şərait yaratdı. 1970–1980-ci illərdə videotexnika efirə yol açdı.

Azərbaycan televiziyası xəbərlər buraxılışını 1960-cı ildən efirə verməyə başlayıb. İlk dövrdə bu veriliş "Günün yenilikləri" adlanırdı. Həmin ilin aprelindən informasiya buraxılışı "Son xəbərlər" adı ilə həftədə 5 dəfə efirdə göstərildi. İri həcmli xəbərlər proqramının nümayişi isə Mərkəzi Televiziyanın "Время" ("Zaman") informasiya proqramının yaranışından sonraya təsadüf edir. 1967-ci ildə "Günün ekranı" xəbərlər proqramı efirə çıxdı.

1960-cı il dekabrın 31-də ilk dəfə "Sizinlə birlikdə" Yeni il proqramı nümayiş olundu. Canlı efirdə 2 saatdan artıq davam edən verilişdə musiqi, müsahibə, təbriklər, səhnəcik, bir neçə müəssisədən çəkilmiş süjet və söhbətlərdən istifadə edildi. Proqramın müəllifi və rejissoru Kərim Kərimov, aparıcısı isə xalq artisti Möhsün Sənani idi.

1956-cı ildə Bakı televiziya studiyasına Ənvər Əlibəyli, Radioinformasiya idarəsinə isə İsrafil Nəzərov rəhbərlik edirdilər.

2019-cu il yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov təyin edilib.

Kanal daxilində Telefilm studiyası (“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi) və Sabah Yaradıcılıq Studiyası fəaliyyət göstərir. Televiziyada bir zaman “Tamaşa” Yaradıcılıq Birliyi kimi bir qurum da mövcud olub.

   Azərbaycan televiziyası (AzTV)