Nizami Kino Mərkəzi
Təsis tarixi: 1934
Rəhbər: Əli-Səttar Quliyev
Nizami Kino Mərkəzi 1934-cü ildə istifadəyə verilib. Binanın memarları Sadıq Dadaşov və Mikayıl Hüseynovdur. “İncəsənət” adlandırılan bu kinoteatr 1 fevral 1934-cü ildə istismara verilsə də, kinoteatrda ilk nümayiş 25 dekabr 1939-cu ildə baş tutub. Bu, rejissor Viktor Eysımontun “Lenfilm” kinostudiyasında çəkdiyi “Dördüncü periskop” filmi idi.
Əvvəlcə kinoteatrda üç zal – qış, yay və estrada zalı var idi. Sonuncuda müxtəlif orkestrlər çıxış edir, mühazirələr oxunur, reklam və salnamə filmləri nümayiş etdirilir, tədbirlər keçirilirdi. Kinoteatr iri, ağır, məxmər pərdəsi ilə məşhur idi, hər seansdan əvvəl, onu əsl teatrdakı kimi çəkirdilər. Sonra yavaş-yavaş şüşə dibli iri çilçırağın işıqları sönürdü... Bufetdə şirniyyat, qazlı su, şəhərdə məşhurlaşan vafli stəkanlarda dondurma satılırdı. Onu yeməkpaylayanlar gümüşü sinilərdə zalda da tamaşaçılara təklif edirdilər. Hər seansdan əvvəl isə vokalçılar və kiçik ansambllar tamaşaçıları əyləndirirdi. Tamaşaçılar bu çıxışlara görə “İncəsənət” kinoteatrına seansdan bir saat əvvəl gəlirdilər. Burada Oqtay Ağayev, Natəvan Şeyxova, hətta Zeynəb Xanlarova kimi sonradan Xalq artisti adına layiq görülmüş müğənnilər çıxış edirdilər. Kinoteatr caz konsertləri ilə də məşhur idi.
Müharibə dövründə Bakının mədəni həyatı davam edir. Yay kinoteatrının ərazisində zenit qurğuları və zenit pulemyotları qurulur. “İncəsənət” tamaşaçılara müharibə zamanı qənimət götürülmüş filmləri təqdim edir.
Müharibə bitəndən sonra isə, 1945-ci ildə “Arşın mal alan” filminin nümayişi tamaşaçıların qəlbini fəth edir.
1947-ci ildə kinoteatr Nizami Gəncəvinin 800 illiyi münasibətilə “Nizami” adlandırılır. Kinoteatrın zahiri və daxili görkəmi 1974-cü ildə dəyişdirilir. Onu çəhrayı rəngə boyayırlar. Sütunların üstündə, tində isə şəbəkəli metal qlobus yerləşdirirlər, o, axşam vaxtı işıqların təsirindən müxtəlir rəng alırdı. Daha iki yeni kiçik zal: birinci mərtəbədə - qış, üstdə isə yay zalı açılır. Təmirdən sonra “Nizami” kinoteatrda VII Ümumittifaq Kino Festivalı keçirilir. Elə sonuncu XXI Ümumittifaq Kino Festivalı da 1988-ci ildə Bakıda məhz bu kinoteatrda keçirilib.
Ötən əsrin 90-cı illərinə qədər kinoteatr öz həyatı ilə yaşayırdı. Sonra isə burada ticarət obyektləri, kafelər açıldı, otaqlar videozallara çevrildi.
2011-ci ilin noyabrında “Nizami” kinoteatrının yeni həyatı başlandı, üç illik əsaslı təmir və bərpadan sonra milli kino məbədi tamaşaçıların ixtiyarına verildi.
Kinoteatrın binası əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlayıb. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilib.
Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb. 500 nəfərlik zalda Azərbaycanda ən böyük 18 metrlik ekran qurulub. Binada nümayiş zallarından əlavə olaraq ticarət köşkləri, kafe, mətbuat mərkəzi, restoran və həmçinin inzibati otaqlar var.
2024-cü ildən Nizami Kino Mərkəzinin direktoru Əli-Səttar Quliyevdir.