Ağa Əli Dadaşov

Rejissor

Doğum tarixi:

20 mart 1906

Vəfat tarixi:

07 dekabr 1973


Ağa Əli Abbas Əli oğlu Dadaşov (Ağəli Dadaşov / Ağaəli Dadaşov) Bakıda anadan olub. Azərbaycan Sənaye Texnikumunda (1923), Azərbaycan Teatr Texnikumunda (1929), Lunaçarski adına Teatr İnstitutunun Rejissorluq fakültəsində (1930-1935) təhsil alıb.

Azərbaycan Dövlət Dram Teatrında “AlmasVətən namusu əsərlərinin quruluşunu verib (1936-1938). Teatrda fəaliyyətini davam etdirə bilməyib, qardaşının faciəli şəkildə qətlə yetirilməsi onun bütün planlarını alt-üst edib. Qardaşı Həsənəli Sovet hakimiyyəti dövründə nazir vəzifəsinə qədər ucalıb, lakin 1938-ci ildə vətən xaini damğası ilə həbs edilərək edam olunub. Yenicə fəaliyyətə başlayan gənc rejissor isə vətən xaini”nin qardaşı kimi paytaxtdan uzaqlaşdırılıb, Gəncə Dram Teatrında çalışıb. Yenidən Bakıya qayıtması və Gənc Tamaşaçılar Teatrında fəaliyyəti onun həyatında mühüm bir dövrü əhatə edir. Azərbaycan Dövlət Dram Teatrında, Opera və Balet Teatrında, Azərbaycan Dövlət Musiqili Dram Teatrında rejissor, Gənc Tamaşaçılar Teatrında baş rejissor (1954-1956), Gəncə Dövlət Dram Teatrında baş rejissor və bədii rəhbər, Ağdam Dövlət Dram Teatrında rejissor və bədii rəhbər, Pionerlər Evində bədii rəhbər, İncəsənət İşləri İdarəsində Teatr şöbəsinin rəisi vəzifələrində çalışıb. Bir müddət Bakı kinostudiyasında rejissor assistenti və rejissor işləyib. 1956-cı ildə televiziyaya dəvət olunub, Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyib (1956-1968). Azərbaycanda televiziya teatrının əsasını qoyanlardan biridir.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib (1968–1973). 

Əməkdar incəsənət xadimi (1959) Ağa Əli Dadaşov 1973-cü ildə vəfat edib.