Fərhad Ağamalıyev
Doğum tarixi:
10 yanvar 1946
Vəfat tarixi:
18 sentyabr 2012
Fərhad Mütəllim oğlu Ağamalıyev Bakıda anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (1979).
Moskvada “Sovet mədəniyyəti” (Sovetskaya kultura) qəzetində məsul vəzifələrdə çalışıb. “Sovet mədəniyyəti” kimi partiya mətbuatında işləyərkən 1987-ci ildə Gəncənin adının özünə qaytarılması təşəbbüsü ilə çıxış edərək cəsarətli addım atıb. Buna görə ciddi təzyiqə məruz qalsa da, öz yolundan dönməyib. Onun təşəbbüsü ilə Moskvada Azərbaycanla bağlı “Panorama Azerbaydjana” adlı ilk rusdilli qəzet işıq üzü görüb. Məhz həmin nəşrin səhifələrində yenicə qızışmaqda olan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar öz əksini tapıb. “Sovet mədəniyyəti” qəzetinin kino şərhçisi, yaradıcısı olduğu “Panorama Azerbaydjana” qəzetinin, həmçinin “Şərq ekspresi” jurnalının baş redaktoru kimi çalışıb. Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat attaşesi (1993-2003), səfirliyin birinci katibi vəzifəsində çalışıb. “Baku” jurnalı ilə əməkdaşlıq edib, bu jurnalda “Bakinstvo” rubrikasının təsisçisi və aparıcısı olub. Çoxsaylı kitabların, ssenarilərin, dram əsərlərinin müəllifidir. Ssenariləri əsasında Bakıda, Moskvada, Sverdlovskda və Minskdə sənədli filmlər çəkilib. “Ox və hədəf” pyesi Bakıda səhnələşdirilib.
Fərhad Ağamalıyev 2012-ci ildə Moskvada vəfat edib.
