Məryəm Əlibəyli

Musiqi redaktoru Bəstəkar Bəstəsindən istifadə olunub Musiqi tərtibatçısı Musiqi ifaçısı Mahnı mətni müəllifi Filmi səsləndirən

Doğum tarixi:

01 oktyabr 1968


Məryəm Ələkbər qızı Əlibəyli Bakıda anadan olub.

Bülbül adına orta ixtisas musiqi məktəbinin Fortepiano və tarixi nəzəriyyə ixtisasında (1976-1987), Bakı Musiqi Akademiyasının Tarixi nəzəriyyə və musiqişünaslıq fakültəsində (1987-1992) təhsil alıb.

Orta məktəbdən etibarən hekayə, şeir və mahnılar yazmağa başlayıb. Azərbaycan televiziyasında musiqi redaksiyasında, radioda "Xarici ölkələrə verilişlər" şöbəsində musiqi redaktoru vəzifələrində çalışıb (1993-2000). "Durna teli", "Ailələr və talelər", "Xəyalə və dostları", "Çərək, çərək, gəl görüşək", "Uşaqların şəhəri" adlı televiziya proqramlarının musiqi və ssenari müəllifi, musiqi redaktoru olub. 1990-cı ildə Xəyalə Manaflını 5 yaşında estrada janrında oxuyan ilk uşaq müğənni kimi səhnəyə gətirib, musiqi prodüseri kimi onun formalaşmasında əmək sahibi olub. Bəstəkar Natiq Qəzənfəroğlu ilə birlikdə 2000-ci ildə gənclərdən ibarət "NM" pop qrupunu, 2004-cü ildə isə Azərbaycanda ilk uşaq pop qrupu olan "Can Bala" qrupunu təsis edib və bədii rəhbəri olub. "Noğullar", "Gülən notlar", "Dostlar" kimi uşaq estrada qruplarının yaradıcısı və musiqi rəhbəri olub (2005-2015). Azərbaycan Dövlət Uşaq Filarmoniyası (2004-2012), Xətai rayon mədəniyyət evində (2011-2013), 132-134 saylı məktəb-bağça təhsil kompleksində musiqi kollektivlərinin bədii rəhbəri kimi çalışıb. 200-dən çox mahnı bəstələyib. Azərbaycan musiqisi və musiqi xadimləri barədə məqalələrin və şeirlərin müəllifidir.

Bəstəkar Məryəm Əlibəyli bəstəkar Natiq Qəzənfəroğlunun həyat yoldaşıdır.