Şəmsəddin Abbasov

Ssenari müəllifi

Doğum tarixi:

27 may 1906

Vəfat tarixi:

20 sentyabr 1975


Şəmsəddin Bəhlul oğlu Abbasov Abşeron rayonunun Sayadlar kəndinə anadan olub.

Bakıda rus-tatar məktəbində, Politexnik İnstitutunda (1926–1927) təhsil alıb.

1923-cü ildən “Yeni fikir”, “Kommunist” və “Gənc işçi” qəzetlərilə əməkdaşlıq edib. Bu dövrdə “Məhşər günü” hekayəsi ilə ədəbi aləmə daxil olub. 1926-cı ildə “Gənc işçi” qəzeti redaksiyasında məsul katib vəzifəsində işləyib, eyni zamanda “Komsomol” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib. “Gənc qızıl qələmlər”in təşkilatçılarından olub.

1929-cu ildən “Kommunist” qəzetinin məsul katibi işləyib. Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1938–1939) kimi Moskvada Azərbaycan incəsənəti dekadasında iştirak edib. Bakı kinostudiyasının direktoru olub (1939-1941). 1942-ci ildən Azərbaycan KP MK aparatına keçərək burada təlimatçı, eyni zamanda Azərbaycanın İkinci Dünya müharibəsində iştirak etməsi ilə məşğul olan komissiyanın məsul katibi işləyib. 1944-cü ildə Azərbaycan SSR Nazirlər Soveti Yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsinə sədr təyin olunub. 1951-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib.

Rus dilindən ədəbi ssenarilər, pyeslər, roman və hekayələr tərcümə edib. Özu də ssenari və pyeslər yazıb: “Babək” (1940), “Qələbə” (1931), “Qana qan” (1944), “Əsgər və Simuzər” (1945), “Fərhadın ailəsi” (1950), “Mister Uoll-trit” (1951).

Şəmsəddin Abbasov 1975-ci ildə vəfat edib.

Yazıçı Şəmsəddin Abbasov aktyor Gündüz Abbasovun atasıdır.