Aleksandr Puşkin
Doğum tarixi:
26 may 1799
Vəfat tarixi:
29 yanvar 1837
Aleksandr Sergeyeviç Puşkin Moskvada anadan olub.
Çarskoselsk liseyi şairlik istedadının inkişafına köklü şəkildə təsir göstərib.
Həmin illərdə ədəbi fəaliyyətə başlayıb. 16 yaşında Derjavinin qarşısında “Çar kəndində xatirələr” şeirini oxuyub. 1817-ci ildə liseyi kollec katibi rütbəsində bitirib, Xarici İşlər Kollegiyasına təyinat alın. 1819-cu ildə dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi-teatr cəmiyyətinə üzv olub. Hələ liseydə təhsil alan zaman başladığı “Ruslan və Lyudmila” poemasını bitirib. Siyasi əsərlərinə görə Sibirə sürgün edə bilərdilər, Qlinka, Karamzin, Çaadayev kimi dostlarının himayəsi cəzasının yüngülləşdirilməsi və sürgün əvəzinə xidməti yerinin Ekatirinoslava dəyişdirilməsi ilə nəticələnir. 1820-ci ildə epiqramlar yaydığı üçün cənuba sürgün edilib. Bu illərdə “Qafqaz əsiri”, “Baxçasaray fontani”, “Quldur qardaşlar” əsərlərini yazıb, gələcəkdə ona böyük şöhrət gətirəcək “Yevgeni Onegin” romanı üzərində işə başlayıb. 1823-cü ildə xidməti yeri Odessaya dəyişdirilib. Bir il sonra istefa üçün müraciət edən zaman bu dəfə şimal sürgününə, malikanəsinin olduğu Mixaylovsk kəndinə göndərilib. Burada “Boris Qodunov”u yazıb. 1828-ci ildə şair üzərində nəzarət üçün sərəncam verilib. Bu sərəncamdan sonra özbaşına Moskvanı tərk edərək Qafqaza, dostlarının yanına gedib. Səfər zamanı təəssüratlarını “Ərzuruma səyahət” oçerkində, “Qafqaz”, “Uçqun”, “Gürcüstan təpələrində” şeirlərində oxuculara çatdırır. 1830-cu ildə Boldino malikanəsinin yaxınlığında yerləşən Kistenevka kəndinə gedib. Moskvada baş qaldırmış vəba epidemiyası üzündən üç ay burada qalmağa məcbur olaraq “Mərhum İvan Petroviç Belkinin povestləri”, “Kiçik faciələr”, “Kolmnada evcik” və bir çox başqa əsərlər yazıb, “Yevgeni Onegin” romanını bitirib. 1831-ci ildə Natalya Qonçarova ilə evlənib Peterburqa köçüb, tarixi mövzuda "Dubrovski", “Kapitan qızı” və digər əsərləri qələmə alıb. 1832-ci ildə “Qaratoxmaq qadın”, “Andjelo”, “Mis atlı”, “Balıqçı və qızıl balıq haqda nağıl”, “Ölmüş şahzadə və yeddi pəhləvan” əsərləri üzərində də işləyib. Peterburqa qayıtdıqdan sonra maddi çətinliyə düşüb, 1834-cü ildə istefaya çıxıb və bundan sonra həyatı dərc olunmuş əsərlərinin gətirdiyi qeyri-sabit gəlirlərdən asılı olub. Vaxtını hədər keçirməyərək I Pyotr zamanının tarixi sənədlərinin tədqiqi ilə məşğul olub, “Kapitan qızı” romanını dərc etdirdiyi “Sovremennik” ədəbi nəşrinin təməlinin qoyulmasında iştirak edib. 1834-cü ildə Peterburqa gələn fransız baron Dantes onun həyat yoldaşı Natalya Qonçarovaya vurulur. Bu bir çox dedi-qodunun yaranmasına səbəb olur. Bu səbəbdən şair Dantesi duelə çağırsa da onun Natalyanın bacısı Yekaterina Nikolayevnaya evlənmək təklif etməsindən sonra duel çağırışını geri götürür. Lakin evləndikdən sonra belə Dantes şairin həyat yoldaşına diqqət yetirməkdə davam edir. İntriqanın böyüməsində Dantesin atası baron Qekkernin də rolu az olmur. Bu hadisələrdən usanan şair Dantesin onu duelə çağıracağına ümid edərək baron Qekkernə təhqiramiz məktub yazır. Belə də olur, duel baş tutur. Şair qarnından ölümcül yaralanır və 2 gündən sonra, 37 yaşında Sankt-Peterburqda vəfat edir. Nümayişlərin başlayacağından ehtiyat edən çar şairin nəşini Peterburqdan məxfi olaraq çıxarılmasını əmr edir.