Arzu Soltan
Doğum tarixi:
02 fevral 1971
Arzu Soltan (Arzu Əli qızı Həsənli) Bakıda anadan olub.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində (1995), Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetinin Kommunikasiya və media çalışmaları fakültəsində doktorantura təhsili alıb.
1988-ci ildən mətbuatda çalışır. “İnşaatçı”, “Ordu” qəzetlərində və “Olaylar” informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. “Çox yaşa” və “Uşaq Teatrı” qəzetlərinin, “Diplomat Körpəm” uşaq jurnalının və Proloq.az onlayın jurnalının baş redaktoru olub. Nəriman Nərimanov adına Kütləvi Kitabxananın direktoru (2008-2011), “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədrinin müavini və “Miras” elmi-kütləvi jurnalının məsul katibi (2011-2013) vəzifələrində çalışıb. “Körpəm” Eksperimental Uşaq Teatrının (daha sonra Bakı Uşaq Teatrı, 2020-ci ildən Bakı Uşaq və Gənclər Teatrı) ədəbi hissə müdiri kimi fəaliyyət göstərib (2021-ci ilə qədər). 2020-ci ildən T-network təhsil işçilərinin kommunikasiya platformasının layihələrində çalışır. Bakı Uşaq və Gənclər Teatrının nəzdindəki FORUMCLUB-un rəhbəridir.
Jurnalistlər və mədəniyyət menecerləri üçün keçirilən müxtəlif kursların, təlimlərin, forumların, elmi konfransların iştirakçısı, məruzəçisi, təlimçisi, aparıcısı, Beynəlxalq Jurnalistlər Federasiyasının Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatoru olub.
Verilişlərin və uşaq filmlərinin ssenari müəllifidir, pyesləri səhnələşdirilib. “Baş rolda hüquqlarımız” (2005), “Birpərdəli uşaq pyesləri” (2015) adlı kitabları işıq üzü görüb. Onlarla kitabın tərcüməçisi və redaktorudur. Hekayələrinə görə Milli Kitab Mükafatının diplomuna layiq görülüb (2010).
2021-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının baş redaktorudur.
Ssenarist Arzu Soltan aktyor İntiqam Soltanın həyat yoldaşıdır.