Aşıq Ələsgər

Əsərindən istifadə olunub

Doğum tarixi:

22 mart 1821

Vəfat tarixi:

07 mart 1926


Aşıq Ələsgər Alməmməd oğlu Göyçə mahalının Ağkilsə kəndində anadan olub.

14 yaşından 4 il Kərbəlayı Qurban adlı varlı bir şəxsin həyətində nökərçilik edib. Sənətin sirlərini kənd əhalisinin içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənib. Kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedib, mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına qulaq asıb. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətləri hafizəsində saxlayar, sonra başqalarına danışardı. Aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri yaradıcılığında özünü biruzə verir. İlk şeirlərini yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləyib. Bu zaman atası onu qızılvəngli Aşıq Alının yanına aparıb. Şəyirdlik dövrünü başa vurduqdan sonra əvvəlcə Göyçədə aşıqlıq edib, ağır toy məclisləri aparıb. Tezliklə onun şöhrəti qonşu mahallara yayılır, İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağırılır. 1918-1919-cu illərdə daşnakların türklərə törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdu. İki ilə qədər Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçüb, bir neçə ay da orada qalıb. 1921-ci ildə Ağkilsəyə qayıdaraq ömrünün son illərini doğma kəndində yaşayıb.

Aşıq Ələsgər 1926-cı ildə doğulduğu kənddə vəfat edib, Ağkilsə qəbiristanlığında dəfn olunub.