Hidayət Orucov
Doğum tarixi:
05 sentyabr 1944
Vəfat tarixi:
13 iyun 2026
Hidayət Xuduş oğlu Orucov Qərbi Azərbaycanda Mehri rayonunun (Zəngəzurun Mığrı bölgəsinin) Maralzəmi kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1963-1968).
Əmək fəaliyyətinə Mehri rayonundakı Maralzəmi kənd ibtidai məktəbin müdiri kimi başlayıb (1964-1968). “Sovet Ermənistanı” redaksiyasında ədəbi işçi (1966-1968), İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru (1968-1984), “Gənclik” nəşriyyatının baş redaktor müavini (1984-1986), baş redaktoru (1986-1992) vəzifələrində işləyib. Ermənistan Yazıçılar İttifaqında idarə heyətinin üzvü və Azərbaycan ədəbiyyatı dərnəyinin sədri (1980-1984), Ermənistan Teatr Cəmiyyəti idarə heyətinin üzvü (1974-1984) olub. Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri (1992-1993), milli siyasət məsələləri üzrə dövlət müşaviri (1993-2005), Milli Azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri (2005-2006), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006-2012), Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfir (2012-2021) olaraq çalışıb.
“Nəyin var?” adlı ilk şeiri “Ədəbi Ermənistan” almanaxında (1963) dərc olunub. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Bir çox klassik və müasir yazıçıların əsərlərini dilimizə çevirib. Pyesləri teatrlarda səhnəyə qoyulub. 1989-cu ildə erməni təcavüzünə etiraz əlaməti olaraq Ermənistan Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.
“Şöhrət” ordeni (2004), Gürcüstanın “Ləyaqət” ordeni (2002) laureatı, Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beynəlxalq Ədəbi Mükafatı laureatı, Əməkdar incəsənət xadimi (1991) Hidayət Orucov 2026-cı ildə İstanbulda vəfat edib.