Cəfər Qiyasi
Doğum tarixi:
24 mart 1942
Cəfər Əli oğlu Qiyasi Ərdəbil şəhərinin Hüsnə kəndində anadan olub.
Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Memarlıq şöbəsində (1961-1966), Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında (1972-1978) təhsil alıb.
Ümumittifaq Kurortları Layihələndirmə İnstitutunun Azərbaycan filialında memar, baş memar, qrup rəhbəri (1967-1971), Abidələrin Bərpası Elmi Tədqiqat Layihə İnstitutunun direktoru (1993) vəzifələrində çalışıb. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Yaxın-uzaq ellərdə”, “Memarlıq üfüqləri” adlı verilişlərin ssenari müəllifi və aparıcısı olub. Layihələri əsasında 15 bina və abidə inşa edilib. Elmi rəhbərliyi ilə hazırlanmış “Naxçıvan türbələri”, “Qobustan qoruğu”, “Suraxanı atəşgahı” obyektləri Dünya İrsi Siyahısına salınması üçün YUNESKO-ya təqdim edilib. “Təbriz memarlıq məktəbi” (XIII-XVII əsrlər) mövzusunda namizədlik (1978), “Memar Xacə Əlişah Təbrizi (dövrü və yaradıcılığı)” mövzusunda doktorluq (1997) dissertasiyasını müdafiə edib. 250-dən çox elmi məqalənin müəllifidir. Uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində dərs deyib. Memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2001), professor (2007), Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür (1999).