Ceyhun Dadaşov
Doğum tarixi:
06 mart 1983
Ceyhun Arif oğlu Dadaşov Sumqayıtda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasında (2000-2004) və Teatr rejissorluğu ixtisası üzrə magistratura pilləsində təhsil alıb (2004-2006).
“Dostluq” klubu dram dərnəyinin bədii rəhbəri (2000-2002) və baş rejissoru vəzifələrində çalışıb (2002-2003). Azərbaycan Dövlət Pantomim Teatrında aktyor (2002-2016), Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Teatr studiyasının rəhbəri və rejissoru (2017-2022), Bakı Dövlət Sirkində bədii rəhbər və janr artisti (2021-2022), ANS televiziyasında aparıcı (2002-2005), Space televiziyasında aparıcı (2007) vəzifələrində çalışıb. Rejissor kimi tamaşalara quruluş verir. 2017-ci ildən Gənc Tamaşaçılar Teatrında plastik həll üzrə rejissor, 2022-ci ildən Dövlət Pantomim Teatrında rejissor olaraq çalışır. 2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qruplarında pedaqoq kimi fəaliyyət göstərərək “Aktyor sənəti”, “Səhnə hərəkəti”, “Qılınc təlimi”, “Səhnə döyüşü” kimi fənnləri tədris edir. 2015-cü ildə yaratdığı müstəqil Rebus Teatrı-na rəhbərlik edir.
Aktyor Ceyhun Dadaşov aktrisa Nargilə Qəribovanın həyat yoldaşıdır.