Lütfiyar İmanov

Musiqi ifaçısı

Doğum tarixi:

17 aprel 1929

Vəfat tarixi:

21 yanvar 2008


Lütfiyar Müslüm oğlu İmanov Sabirabadın Petropavlovka kəndində anadan olub.

Asəf Zeynallı adına Musiqi Məktəbində Vokal şöbəsində (1957, A.Milovanovun sinfi), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində (1968) təhsil alıb.

İlk rolunu məktəbli ikən, 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində “5 manatlıq gəlin” tamaşasında oynayıb. 18 yaşıdaykən dram dərnəyinin rəhbəri olub. Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləyib (1948). Azərbaycan televiziya və radiosunun xor solisti (1954-1956), Azərbaycan Dövlət Estrada Orkestrinin solisti olub (1956-1957), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləyib (1956-1959). İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt edib. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində “La Skala” teatrında təcrübə keçib. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış edib.

Azərbaycan Dövlət Konservatoriyasında (professor), İstanbul və İzmirin opera teatrlarında dərs deyib (1991-1995). 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olub (1987-1991).

Ali Sovetin deputatı seçilib. 

Əməkdar artist (1959), Xalq artisti (1967), SSRİ Xalq artisti (1977), “Şöhrət” və “İstiqlal” (1998) ordenləri laureatı Lütfiyar İmanov 2008-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.