Maqsud İbrahimbəyov

Ssenari müəllifi Əsərindən istifadə olunub Rejissor

Doğum tarixi:

11 may 1935

Vəfat tarixi:

22 mart 2016


Maqsud Məmməd İbrahim oğlu İbrahimbəyov Bakıda anadan olub.

Azərbaycan Dövlət Politexnik İnstitutunun İnşaat fakultəsində (1955-1960), Moskvada Ali ssenari kurslarında (1962-1964) və Ali rejissor kurslarında (1971-1973) təhsil alıb.

Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində qulluqçu (1960-1962), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971) olub.

Bədii yaradıcılığa 1960-cı ildə başlayıb. “Mezozoy əhvalatı” əsəri fəhlə sinfinə həsr olunmuş pyeslərin Ümumittifaq müsabiqəsində I mükafat alıb. “Bayquş gələndə...” və “Bütün yaxşılıqlar üçün – ölüm!” əsərlərinə görə Dövlət mükafatına layiq görülüb (1976). Dünyanın müxtəlif dövri nəşrlərində dərc olunmuş roman, povest və hekayələrin müəllifidir. Əsərləri 26 xarici dilə tərcümə olunub. Pyesləri 60-dan çox teatr səhnəsində oynanılıb.

Xarici film istehsalçılarının çəkdikləri “Qoy o bizimlə qalsın” (1974, rejissor İrina Tarkovskaya / Rusiya), “Dağ mağarasının sirri” (1975, rejissor Lev Mirski / Rusiya, “Bütün yaxşılıqlar üçün ölüm” əsəri əsasında), “Sən nəğməmsən mənim” (1975, rejissor Anatoli Kabulov / Özbəkistan), “Truskavesə kim gedəcək?” (1977, rejissor Valeri Əhədov / Tacikistan), “Ona görə ki, mən Ayvar Lidakam” (1978, rejissor Biruta Veldre / Latviya), “Qızıl buzovların valsı” (1992, rejissor Murad İbrahimbəyov / Rusiya), “Gənc qadın üçün kişi” (1996, rejissor Murad İbrahimbəyov / Rusiya) filmlərinin ssenari müəllifidir.

Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN - klubunun prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı (1976), “Şərəf” (2015), “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri, “Dostluq” ordeni (Rusiya), Roma Papası ordeni laureatı, Əməkdar incəsənət xadimi (1979), Xalq yazıçısı (1998), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Milli Məclisin üzvü (1995, 2000, 2005) Maqsud İbrahimbəyov 2016-cı ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Yazıçı Maqsud İbrahimbəyov ssenarist Rüstəm İbrahimbəyovun qardaşıdır.
Yazıçı Maqsud İbrahimbəyov rejissor Murad İbrahimbəyovun atasıdır.