Manaf Süleymanov
Doğum tarixi:
03 mart 1912
Vəfat tarixi:
12 sentyabr 2001
Manaf Fərəc oğlu Süleymanov İsmayıllının Lahıc qəsəbəsində anadan olub.
Azərbaycan Neft-Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil alıb (1932-1937).
Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlayıb. Azərbaycan Sənaye İnstitutunda assistent, Neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub. Ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sirri” romanı ilə başlayıb. “Yerin sirri”, “Fırtına”, “Zirvələrdə”, “Dalğalar qoynunda”, “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”, “Son bahara çatdıq”, “Neft milyonçusu” (sənədli roman), “Şərqdə ilk demokratik cümhuriyyət”, “Şagirdlik illərim” kitabları nəşr olunub. İngilis dilindən bədii tərcümələr edib, dövri mətbuatda məqalələrlə çıxış edib, bəzən onları “Fərəcoğlu” imzası ilə çap etdirib. İlk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb. Bu kitabların yazılması üçün keçmiş SSRİ və Azərbaycanın Dövlət Arxivlərində 30 ilə yaxın çalışıb.
Geologiya-mineralogiya elmləri namizədi (1942), dosent, Əməkdar mədəniyyət xadimi (1991) Manaf Süleymanov 2001-ci ildə vəfat edib.