Mikayıl Rəfili

Ssenari müəllifi

Doğum tarixi:

25 aprel 1905

Vəfat tarixi:

25 aprel 1958


Mikayıl Həsən oğlu Rəfili Qasım İsmayılovun (indiki Goranboy) Borsunlu kəndində anadan olub.

Mikayıl Rəfizadə imzası ilə ilk qələm təcrübələri “Əfkari-mütəəllimin” jurnalında (1919) dərc olunub. Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olub. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olub, Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi və müdavimi olub. “Maarif və mədəniyyət” jurnalı redaksiyasında işləyib. Mоskva Dövlət Universitetində təhsil alıb. Bu dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rus ədəbiyyatı kafedrasında müəllim, dosent (1930-1935) işləyib, “Bakinski raboçi” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdir müavini olub. Bu dövrdə SSRİ yazıçılarının təşkilat komitəsinin üzvü seçilib, “Hücum” və “Qabaqcıl” (“Udarnik”) jurnalları redaksiya heyətinin üzvü olub. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi işləyib (1934-1935). SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil alıb (1935-1936), “Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında” mövzusunda dissertasiya müdafiə edib. Nizami yubiley komitəsi tərkibində məsul katib olub. 1938-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində professor olub. İkinci Dünya müharibəsi illərində radioda, Qızıl Ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar edib. Kitabları, monoqrafiyaları, tədqiqatları çap olunub, “Şirvanşah İbrahim” pyesini yazıb. Bədii tərcümə ilə məşğul olub.

Filologiya elmləri doktoru (1944), professor (1945) Mikayıl Rəfili 1958-ci ildə vəfat edib.