Mirbala Səlimli

Rejissor Ssenari müəllifi Operator İkinci rejissor Montaj rejissoru Aktyor Yaradıcı heyətin üzvü

Doğum tarixi:

05 aprel 1963


Mirbala Seyidəsgər oğlu Səlimli Hacıqabulun Qubalı kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsində (1981-1985), Boris Şukin adına Moskva Ali Teatr Məktəbinin Teatr rejissorluğu fakültəsində (1990-1995), Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun Kino rejissorluğu fakültəsində (1999-2001, Aleksey German və S.Karmalitanın emalatxanası) təhsil alıb.

Avanti proqramı (2003-2004, İsveçrə) çərçivəsində rejissor Ksiştof Zanussi (Polşa) və kinodramaturq D.Benkedən (Almaniya), İFA-SC proqramı (2006-2007, İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri alıb.

Şəki Dövlət Dram Teatrında aktyor (1985-1990), quruluşçu rejissor (1995-1997), baş rejissor (1997-2026) vəzifələrində çalışıb. 20-dən çox tamaşaya quruluş verib (1985-2007).

“Mir iskusstva” Yaradıcılıq Birliyində (Moskva) operator kimi 15-ə qədər sənədli film çəkib: “Vəsiyyət” (2000), “Mayakovskinin şən ili” (2003), “Petrov-Vodkinin oğulları” (2003), “Anastasiya Svetayevanın sonuncu günü” (2004), “3 tac qoyma mərasiminin marşalı” (2005), “Arxangelsk” (2005), “Avropanın oğurlanması” (2005), “Çarodey Daniil Xarms” (2005), “Sağ Mayakovski” (2005), “Sergey Yesenin” (2005), “Boris Zaysevin zaman çayı” (2006), “İkiqat ulduz” (2006), “Natürmortun kralı İlya Maşkov” (2006), “Kulbin - Rus futurizminin babası” (2008). Tədris işi kimi “İnsan və milçək” filmini çəkib (1999). Rusiya istehsalı olan “Xüsusi müqavimət təcrübəsi” (2006) sənədli filmində operator, “Moskvanın heykəltəraşlıq salnaməsi” (2006), “Olviya – Xoşbəxtlik misteriyası” (2010) sənədli filmlərində rejissor və operator, “Allah olmaq çətindir” (2013, rejissor Aleksey German) filmində təcrübəçi rejissor kimi çalışıb.

“Xəsis” (Molyer) tamaşasına görə “Qızıl Dərviş” mükafatına (2009), “Sevgililərin cəhənnəmdə vüsalı” (İlyas Əfəndiyev) tamaşasına görə “Zirvə” mükafatına (2014), “... Və dəyirman dönərdi” (Haldun Taner) tamaşasına görə TÜRKSOY-un “Haldun Taner” medalına (2015), “Qırmızı bağ” filminə görə “Ən yaxşı tammetrajlı bədii debüt filmi – Qızıl Pəri” mükafatına (2018), “Sənətkar” medalına (2023) layiq görülüb.

Əməkdar incəsənət xadimidir (2012).