Səid Rüstəmov
Doğum tarixi:
12 may 1907
Vəfat tarixi:
10 iyun 1983
Səid Əli oğlu Rüstəmov (Mircabbar Mirəli oğlu Seyidrüstəmzadə) İrəvanda anadan olub. Ailəsi etnik münaqişəyə görə 1918-ci ildə Türkiyəyə qaçmağa məcbur olub. 1919-cu ildə Gəncəyə, oradan da Bakıya köçüblər.
Bakı Musiqi Məktəbində (1924-1926, tar üzrə Üzeyir Hacıbəyov və M.Mənsurovdan dərs alıb) və Azərbaycan Pedaqoji İnstitutunda (1932) təhsil alıb.
1926-cı ildə 19 saylı orta məktəbə müəllim təyin edilib. 1928-ci ildən Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında tar ixtisası üzrə dərs deməyə başlayıb. İlk “Tar məktəbi” dərs vəsaitinin (1935), “Tar üçün etüdlər”in (1950), tar ilə xalq çalğı alətləri orkestri üçün konsertin, kantataların müəllifidir. Musiqi məktəbləri üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən biridir. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (1935–1975), Fioletov adına klubun Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri (1971) vəzifələrində çalışıb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub (1949–1953). 20-yə yaxın tamaşaya musiqi yazıb. İlk tamaşasına yazdığı “İntizar” mahnısının isə sonra ayrıca həyatı başlanıb. Mahnılarının sayı 100-dən çoxdur. 1951-ci ildə “Sumqayıt”, “Kоmsоmоl”, “Mən sülhə səs verirəm” mahnıları Dövlət mükafatına layiq görülüb. “Bayatı kürd” muğamı əsasında fantaziya, “Cəngi” və “Qəhrəmani” pyesləri məhz хalq çalğı alətləri оrkestri üçün yazılıb. “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili kоmediyalarının müəllifidir.
Professor (1973), Stalin mükafatı laureatı (1951), Əməkdar incəsənət xadimi, Хalq artisti (1957) Səid Rüstəmov 1983-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Bəstəkar Səid Rüstəmov bəstəkar Eldar Rüstəmovun və musiqiçi, aktrisa Tamilla Rüstəmovanın atasıdır.