Sara Aşurbəyli

Məsləhətçi

Doğum tarixi:

27 yanvar 1906

Vəfat tarixi:

17 iyul 2001


Sara Balabəy qızı Aşurbəyli Bakıda anadan olub.

İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecində (1925), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1930), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xarici dillər fakültəsində (1941), Azərbaycan Rəssamlıq Məktəbində (1941) təhsil alıb.

Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışıb. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxuyub. Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə edib. Dram Teatrında rəssam və dekorator, məktəbdə müəllim işləyib. Müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs deyib, öz çəkdiyi rəsm əsərlərini sataraq dolanıb. “Göygöl” əsəri Meksika muzeylərindən birində saxlanır. Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonuna qədər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olub. “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir.

Tarix elmləri namizədi, tarix elmləri doktoru (1966), Azərbaycan Dövlət Mükafatı (1986), “Şöhrət” ordeni laureatı, Əməkdar elm xadimi (1982) Sara Aşurbəyli 2001-ci ildə vəfat edib.