Şövkət Məmmədova

Musiqi ifaçısı

Doğum tarixi:

18 aprel 1897

Vəfat tarixi:

08 avqust 1981


Şövkət Həsən qızı Məmmədova Gürcüstanın Tbilisi şəhərində anadan olub.

1911-ci ildə Hacı Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada Milan şəhərində musiqi məktəbinə daxil olub. Lakin 1912-ci ildə geri qayıdaraq təhsilini Tbilisi musiqi məktəbində davam etdirib. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edib. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa edib. 1915-ci ildə Kiyev Konservatoriyasına daxil olub. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olaraq sona çatdırılmamış təhsilini 1927–1930-cu illərdə tamamilə bitirib. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-1925-ci illərdə direktoru olub) açılıb, not nəşriyyatı təsis edilib. Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək professional vokal dərsləri verib. Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olub (1945-1952). Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta ("Traviata", C.Verdi) partiyasında çıxış edib, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olub. Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olub.

İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano), SSRİ Xalq artisti, professor Şövkət Məmmədova 1981-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.