Tofiq İsmayılov

Rejissor Ssenari müəllifi Aktyor

Doğum tarixi:

06 aprel 1939

Vəfat tarixi:

25 mart 2016


Tofiq Hüseyn oğlu İsmayılov Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq (1958-1962) və Rejissorluq (1962-1968) fakültəsində, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Ali rejissorluq və ssenari kurslarında (1968-1970) təhsil alıb.

Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967), “Azərbaycanfilm” studiyasında rejıssor köməkçisi, bədii fılmlərin quruluşçu rejissoru vəzifələrində işləyib (1969-1988).

Bir müddət kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub.

1971-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedra müdiri olub (1988-1994).

Uzun müddət Türkiyənin Mimar Sinan Universitetində dərs deyib (1994-2006). İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub.

2007-ci ildən ömrünün son gününə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

Uşaqlar üçün yazılmış 5 kitabın müəllifidir. İlk hekayəsi “Ağ dəsmal” “Göyərçin” jurnalında çap edilib (1962). 100-ə yaxın elmi-publisistik məqaləsi var.

Xarici film istehsalçılarının “Divar” (Türkiyə) qısametrajlı filmində, “Bağışla məni, müəllim” (Türkiyə) serialında aktyor kimi çəkilib.

Professor (1992), Əməkdar incəsənət xadimi (1987), Xalq artisti (2008) Tofiq İsmaylov 2016-cı ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.