Tünzalə Əliyeva
Doğum tarixi:
15 fevral 1973
Vəfat tarixi:
22 yanvar 2023
Tünzalə Məcid qızı Əliyeva Gəncədə anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990-1995).
Bir müddət özəl teatrlarda çalışıb, sonra Gəncə televiziyasında, Gəncə Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Kəpəz televiziyasında “İzinlə”, “Vətənim” və “Gülüş qatarı” verilişlərinin aparıcısı olub. Bakıya gəldikdən sonra bir müddət Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. ATV televiziyasında “Çal-Çağır” şou proqramında “Toppuş bacı” obrazının ifaçısı, “Gülmək qadağandır” şou proqramının aparıcısı olub.
Əməkdar artist (2007) Tünzalə Əliyeva 2023-cü ildə vəfat edib, Qaradağ rayonu Ümumşəhər qəbiristanlığında dəfn olunub.