Ədalət Ziyadxanov
Doğum tarixi:
23 fevral 1946
Vəfat tarixi:
12 sentyabr 2018
Ədalət Ziyadxanov (Ədalət Ziyadxanlı) Bakıda anadan olub.
“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında və televiziyada çalışıb. Böyük səhnədə peşəkar rejissor yaradıcılığına 1974-cü ildə Akademik Milli Dram Teatrında “İnsan” (Səməd Vurğun) pyesinin rejissoru kimi başlayıb. Şəki Dövlət Teatrında, Azərbaycan Konsert Birliyinin Miniatür Teatrında, Sumqayıt Dövlət Teatrında, Bakı Bələdiyyə Teatrında, Dövlət Musiqili Komediya Teatrında tamaşalara quruluş verib. Müxtəlif illərdə Ağdam Dövlət Dram Teatrının direktoru və baş rejissoru, Füzuli Dövlət Dram Teatrının baş rejissoru, Dövlət Musiqili Komediya Teatrının quruluşçu rejissoru vəzifələrində çalışıb.
Almaniya istehsalı olan “Absurdistan” (2008, rejissor Veit Helmer) filmində polis rolunda çəkilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, “Ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyib.
Səhnələşdirdiyi “Oğul” (Aqşin Babayev) tamaşasına görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Ədalət Ziyadxanov 2018-ci ildə vəfat edib.