Ağacavad Əlizadə
Doğum tarixi:
21 mart 1928
Vəfat tarixi:
25 aprel 1995
Ağacavad Əbdülhəsən oğlu Əlizadə Salyanda anadan olub.
40 saylı fəhlə-gənclər orta məktəbində, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1953-1958) təhsil alıb.
Əmək fəaliyyətinə Salyan mərkəzi kitabxanasında kitabxanaçı kimi başlayıb (1942-1944). Salyan Dövlət Dram Teatrında aktyor və rejissor müavini (1944-1948), Salyan rayonu 2 saylı uşaq evində pioner baş dəstə rəhbəri, radio qovşağında ədəbi müvəkkil və direktor (1948-1949), kitabxanaçı, mədəniyyət evində təlimatçı, pioner və məktəblilər evinin direktoru, “Qələbə” qəzeti redaksiyasında məsul katib, “Lenin tərbiyəsi ugrunda” çoxtirajlı qəzet redaksiyasında məsul katib, “Bakı” axşam qəzeti redaksiyasında məsul katibin müavini və tərcüməçi (1958-1960), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, tənqid və biblioqrafıya şöbəsinin müdiri, məsul katib, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında məsul katib (1960-1976), “Yazıçı” nəşriyyatında böyük redaktor (1978-1987) işləyib. İlk mətbu şeiri “9 may” 1946-cı ildə Salyanın “Sosializm yolu” qəzetində çap olunub. Dövri mətbuatda müntəzəm çıxış edib. Oçerk, publisistika və bədii tərcümə ilə də ardıcıl məşğul olub. Sözlərinə mahnılar bəstələnib. Bədii qiraət ustası olaraq dəfələrlə festivalların laureatı olub. Bir sıra ədəbi dərnəklərə rəhbərlik edib (1950-1987). Azərbaycan Yazıçılar İttifaqında yerli komitənin sədri olub (1962-1975).
Ağacavad Əlizadə 1995-ci ildə vəfat edib.