Ələkbər Seyfi
Doğum tarixi:
19 mart 1901
Vəfat tarixi:
08 dekabr 1977
Ələkbər Seyfulla oğlu Seyfi Tiflisdə anadan olub.
“İttifaq” məktəbində təhsil alıb.
Səhnəyə ilk dəfə 13 yaşında - 1914-cü ildə “Dəmirçi Gavə” (Şəmsəddin Sami) tamaşasında Bəhram rolunda çıxıb. Məktəb tamaşalarında kiçik rollar oynayıb. Tiflisdəki “İbrət” dram cəmiyyətinin (1918) təşkilatçılarından olub. Tiflis Azərbaycan Teatrında aktyor (1921-1929) və müdir müavini (1922-1929), “Yeni fikir” qəzetində tərcüməçi və şöbə müdiri, “Dan ulduzu” jurnalında tərcüməçi vəzifələrində çalışıb. 1928-ci ildə yeni Azərbaycan əlifbası komitəsinə üzv seçilib. Daha sonra Bakı Türk İşçi Teatrında aktyor, ədəbi hissə müdiri, direktor müavini və direktor (1929-1932) olaraq çalışıb. Bakı Türk İşçi Teatrı Gəncəyə köçdükdən sonra (1932) oraya gedərək Gəncə Dövlət Dram Teatrının direktoru olaraq çalışıb (1932-1938).
1938-ci ildə repressiya qurbanı olub, 19 il həbs düşərgələrində qalıb.
1956-cı ildə bəraət alaraq yenidən Gəncə Dövlət Dram Teatrına qayıdıb, burada aktyor (1956-1962) və direktor (1962-1965) kimi fəaliyyət göstərib.
Bir çox pyesləri Azərbaycan dilinə tərcümə edib.
Əməkdar artist (1958), Xalq artisti (1961) Ələkbər Seyfi 1977-ci ildə Gəncədə vəfat edib, Gəncənin Bağbanlar məhəlləsindəki Fəxri Xiyabanda dəfn olunub.