Almaz Əsgərova
Doğum tarixi:
23 yanvar 1949
Vəfat tarixi:
31 avqust 1988
Almaz Balabəy qızı Əsgərova (Almaz Süleymanova) Bakıda anadan olub.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsilini yarım qoyaraq Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunub.
Burada Moskvada kinorejissorluğu bitirib Bakıya qayıtmış Azər Süleymanovla tanış olub. Azər Almaza aktrisa olmağı məsləhət görür. Adil İsgəndərovun kursuna daxil olan Almazla Azərin birgə, amma çox qısa həyat yolları başlayır. Ustadı Adil İsgəndərov onu çəkəcəyi “Vaqif” filmində Xuraman obrazı üçün hazırlayırdı. Ustadın ölümü bu ideyanın həyata keçməsinə mane olur. Almaz Əsgərova Tacikistan istehsalı olan “Rüstəm və Söhrab” filmində (1976, rejissor Bension Kimyagərov) çariça rolunda çəkilib. Azər iş üçün Moskvaya yollanıb və geri tabutda qayıdıb. O gündən Almaz dost-tanışdan, qohum-əqrəbadan, sevimli insanından olduğu kimi, sevimli sənətindən də ayrılıb öz iç dünyasına çəkilir. 11 ayın içində amansız xəstəliyə düçar olan Almaz Əsgərovanın gözləri 1988-ci ilin qızmar avqustunda dünyaya əbədi qapanıb.