Anar Ömərov
Doğum tarixi:
08 sentyabr 1976
Anar Namidar oğlu Ömərov Bakıda anadan olub.
Azərbaycan Universitetində təhsil alıb (1993-1997).
Tələbəlik dövründə KVN (Şən və Hazırcavablar Klubu) oyunlarında iştirak edib, 1995-1996 mövsümünün Azərbaycan çempionu olub. “Огни Баку” (Bakının alovları) komandasının tərkibində beynəlxalq arenada çıxış edib (1996-2003). Moskvada “Красный Мост” (Qırmızı körpü) radiosunun aparıcısı və redaktoru (1998-1999), Bakıda Antenn FM radiosunun aparıcısı və baş prodüseri (2000-2004), ABA TV-də aparıcı, Space TV-də redaktor və prodüser, Lider TV-də ssenarist olub (2005-2006). İTV-də yeni il şoularının ssenari müəllifliyini həyata keçirib. Tədbir təşkilatçılığı üzrə ixtisaslaşmış “Podium” şirkətinə baş menecerlik edib (2004-2006). “KVN Planeta Parni iz Baku” Teatrının ssenaristi və aktyoru kimi fəaliyyət göstərib (2006-2016). Bu müddətdə bir neçə televiziya şousunun müəllifi və redaktoru olub. Rusiyanın CTC (STS) kanalında “6 кадров” (“6 kadr”) şousunun skeç müəllifi, “Уральские пельмени” layihəsinin müəllifi olub. “ArtLab” reklam şirkətində kopirayter və kreator olaraq çalışıb (2011-2012). AzTV-də yayımlanan “Parlaq zəkalar” verilişinin ssenari müəllifi və prodüseri olub (2013-2016).
“Fresh” reklam agentliyinin təsisçilərindən biri və kreativ direktorudur (2016-cı ildən). Çoxsaylı reklamların, sosial layihələrin və tədbirlərn ssenari müəllifi, rejissoru və prodüseridir. Reklamlarda çəkilib. Beynəlxalq idman tədbirlərinin aparıcısı olub.
Xarici film istehsalçılarının “Əjdaha-insan” (2021, “Dragonman” / Qırğızıstan, Çin, Hindistan) filminin ssenari müəllifi, “Bizi dəfn etməyə tələsməyin” (2024, Rusiya) qısametrajlı filminin rejissoru, ssenari müəllifi və prodüseridir.
Hazırda Rusiyada yaşayır.