Aslan Qəhrəmanov
Doğum tarixi:
14 sentyabr 1939
Vəfat tarixi:
19 yanvar 2014
Aslan Qəhrəman oğlu Qəhrəmanov (Aslan Qəhrəmanlı) Ağstafa rayonunun Yenigün kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlayıb (1961). Həmin mərkəzin bazası əsasında Kibernetika İnstitutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olub (1965-1972). İttifaqNeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi (1972-1975), Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim (1975-1977), Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim, Azərbaycan Dövlət Neft Akademiyasının Tətbiqi riyaziyyat kafedrasında baş müəllim, dosent (1980-2007), Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının dosenti (2007-2011) və rektoru (2011-2012) kimi çalışıb.
Elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. Vergilər Nazirliyinin “Azərbaycanın vergi xəbərləri” aylıq elmi jurnalının baş redaktoru işləyib (2003-2010).
Yazıçı kimi özünü 1967-ci ildə Gənclik nəşriyyatında çıxan “Gənc qələmlər” almanaxında dərc olunmuş “Dağların mahnısı” adlı ilk hekayəsi ilə sınayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. Azərbaycan televiziyasının “Müasirlərimiz” devizi ilə 1986-cı ildə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində “Ürək” pyesi 2-ci mükafata layiq görülüb. Radio üçün yazdığı 13 nağıl-pyes Azərbaycan radiosu ilə səsləndirilib.
Fizika-riyaziyyat elmləri namizədi Aslan Qəhrəmanov 2014-cü ildə vəfat edib, Ağstafada dəfn olunub.