Aydın Əzimov
Doğum tarixi:
18 fevral 1946
Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu / Aydın Əzimzadə) Bakının Əmircan kəndində anadan olub.
Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin Nəzəriyyə şöbəsində (1960-1964), Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində (1964-1972, Qara Qarayevin sinfi) təhsil alıb.
Azərbaycan Dövlət Teleradio Komitəsində çalışıb, Radionun Musiqi Verilişləri Baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, Radionun səsyazma Evində səs rejissoru, baş rejissor, Azərbaycan teleradio Komitəsi Bədii kollektivlərinin və səsyazma evinin müdiri, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş məsləhətçisi vəzifələrini icra edib (1968-1996).
1996-2005-ci ildə Türkiyə Respublikası Mersin Universitetinin Dövlət Konservatoriyasında çalışıb, Bəstəkarlıq fakültəsini təşkil edib.
2005-ci ildən Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında professor olaraq fəaliyyətini davam etdirir. Musiqi Akademiyasının elmi laboratoriyasının fəal əməkdaşıdır, dini musiqi, aşıq musiqisi və muğam üzrə elmi araşdırmalar aparır və buna aid bir çox kitabların və məqalələrin müəllifidir.
Üzeyir Hacıbəyovun Azərbaycan Respublikası Dövlət Himnini bərpa edib. Simfonik əsərlərin, kamera musiqisi, teatr və kino musiqisi, mahnı və romansların müəllifidir. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün “Sonata-poema” əsərini yazıb və bu musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınıb.
Hazırda Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiridir.
Əməkdar incəsənət xadimidir.