Azad Əliyev
Doğum tarixi:
29 mart 1951
Vəfat tarixi:
30 mart 2014
Azad Sabir oğlu Əliyev Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano (1974) və Vokal (1980) ixtisasında təhsil alıb.
1960-cı ildən 6 №-li musiqi məktəbində, Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində, Sumqayıt Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Dövlət Konservatoriyasının simli alətlər kafedrasında konsertmeyster (1974-1982), Respublika Sarayının baş səs rejissoru (1972-1980) kimi çalışıb 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini olub. Həmin dövrdə Sumqayıtda ilk kamera orkestrini təsis edib və bu orkestrlə müxtəlif konsertlərdə çıxış edib. 1992-ci ildən Opera Studiyasının direktoru və bədii rəhbəri (1994-2014) və Bakı Musiqi Akademiyasının Opera hazırlığı kafedrasının müəllimi vəzifəsində çalışıb. Bülbül adına orta ixtisas musiqi məktəbində Kamera ansamblı və Müşayiət sinfinin müəllimi olub (1999-2014). Niyazi adına Simfonik orkestrin və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ikinci dirijoru (2001-2006), Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (2006-2014) olub.
Pedaqoji fəaliyyətilə yanaşı ifaçı kimi də fəaliyyət göstərib. Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını hazırlayıb.
Professor (2012), Əməkdar incəsənət xadimi (2012) Azad Əliyev 2014-cü ildə vəfat edib.