Bəxtiyar Xanızadə

Rejissor Aktyor Xoreoqraf Xüsusi səhnələrin quruluşu

Doğum tarixi:

13 iyul 1957


Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və kino aktyoru fakültəsində (1978), Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasında (1987) təhsil alıb.

Gəncə Dövlət Dram Teatrında (1978), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Tədris Teatrında (1981-1982), “Azərbaycanfilm” kinostudiyasında (1982-1983) aktyor, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim (1983) işləyib.

“Səhnə hərəkəti və xoreoqrafiya sənəti” kafedrasının dosenti olub (1994). Dərs dediyi bir qrup tələbələrlə 1994-cü ildə “Dəli yığıncağı” adlı ilk Pantomim Teatr Studiyasını yaradıb. 2000-ci ildə “Dəli yığıncağı” Pantomim Teatr-Studiyasına dövlət statusu verilib. Həmin vaxtdan teatrın bədii rəhbəri və direktoru, 2006-cı ildən bədii rəhbər vəzifəsində işləyir.

“Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti” (1991), “Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar” (1992), “Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti” (1993) adlı elmi əsərlərin, ilk Azərbaycan pantomim pyeslərinin müəllifidir. Bir çox tamaşaların rejissorudur.

Əməkdar incəsənət xadimi (2000), Xalq artistidir (2013).