Bəkir Nəbiyev

Ssenari müəllifi

Doğum tarixi:

21 avqust 1930

Vəfat tarixi:

15 mart 2012


Bəkir Əhməd oğlu Nəbiyev Ağdaşın Üçqovaq kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1949-1954).

Ağdaş radio şəbəkəsinin diktoru (1945-1947), Ağdaş şəhərində və Yeniarx kəndində müəllim (1947-1949), Bakıda ədəbiyyat müəllimi (1949-1954), “Azərbaycan gəncləri”, “İnşaatçı” qəzetlərində məsul katib müavini, ədəbi işçi (1954-1957), “Kommunist” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri (1959-1961), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961-1971), Yazıçılar İttifaqı nəzdində tənqid və ədəbiyyatşünaslıq şurasının (1965-1985), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971-1986), Azərbaycan EA partiya komitəsinin katibi (1978-1979), Azərbaycan Ədəbiyyat Fondunun sədri (1982-1986), Azərbaycan Mədəniyyət Fondunun sədri (1987-1990), Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin rəhbəri (1987-2001), Təfəkkür Universitetində filologiya kafedrasının müdiri (2002), AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru (2003-2012) vəzifələrində işləyib. SSRİ EA nəzdində humanitar elmlərə dair tədqiqatları əlaqələndirmə Şurasının, Azərbaycan EA Rəyasət Heyətinin üzvü, “Xəbərlər” (Ədəbiyyat, Dil və İncəsənət seriyası) jurnalının baş redaktoru, ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri (1993-cü ildən), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin, Dövlətnəşrkomun metodiki şurasının, “Azərbaycanfılm” kinostudiyasının Bədii Şurasının, Azərbaycan Yazıçılar İttifaqının, “Vətən” cəmiyyəti İdarə Heyətinin, Respublika “Bilik” cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi kimi fəaliyyət göstərib.

İlk tənqidi qeydləri “Lenin tərbiyəsi uğrunda” qəzetində dərc olunub. Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”ndə çap edilən “Dama-dama göl olar” rəyi ilə başlayıb (1951). ADU-nun aspiranturasında “Firudin bəy Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1960). “Çoxmillətli sovet ədəbiyyatı tarixi”nin, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktorudur. 30 cildlik “Türk dünyası ədəbiyyatı” ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisi olub. “Qızıl qələm” mükafatını almış (1974) ilk Azərbaycan tənqidçisidir.

Tədqiqatlarına görə Azərbaycan Respublikasının Dövlət Mükafatlarına (1978, 2010), “Xalqlar Dostluğu” ordeninə (1986), “Hacı Zeynalabdin Tağıyev” (1993), “Məmməd Araz” (1994), Azərbaycan Jurnalistlər Birliyi Rəyasət Heyətinin “Ustad” (1997), Beynəlxalq TİKA (2002) mükafatlarına, “Akademik Yusif Məmmədəliyev” medalına (2005), “Şöhrət” (2000) və “İstiqlal” (2005) ordenlərinə layiq görülüb.

Filologiya elmləri doktoru (1970), Professor (1982), Əməkdar elm xadimi (1990), Akademik Bəkir Nəbiyev 2012-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.