Billurə Aslanqızı
Doğum tarixi:
21 yanvar 1979
Billurə Aslanqızı (Billurə Aslanova Aslan qızı) Füzulidə anadan olub.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1996-2000-bakalavr, 2000-2002-magistratura, 2003-2007-aspirantura).
Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin “Xəzər”, “Gənclik” və “Səhər” redaksiyaları ilə əməkdaşlıq edib, tematik süjetlər hazırlayıb (1997-2000). Samanyolu televiziyasının Azərbaycan bürosunda çalışıb (2001-2005), mədəniyyət xəbərləri üzrə reportyor, “Xəzərdən dünyaya” informasiya proqramının aparıcısı və prodüseri, 20-ə yaxın televiziya filminin müəllifi olub. Antenn FM (101 FM) radiosunda informasiya aparıcısı (2006), TRT Bakı bürosu ilə məsləhətçi və aparıcı olaraq əməkdaşlıq edib (2006-2007). Bakı Slavyan Universitetində və Bakı Avrasiya Universitetində radio-tv jurnalistikasının əsasları fənnini tədris edib. Xəzər televiziyasında “Yaxşısı budur“ verilişinin redaktoru və aparıcısı, “Aynadakı mən” proqramının müəllifi və aparıcısı, Real TV-də yayımlanan “Real Vətən” səyahət verilişinin redaktoru (2020-2022), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi, Azərbaycan televiziyasında yayımlanan “Multikulturalizm” verilişinin aparıcısı və müəllifi (2018-2025), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin İctimai-siyasi verilişlər departamentinin redaktoru (2021-2025) olub.
2025-ci ildən Azərbaycan Radiosunun direktorudur.
“Əsl insan haqqında...” kitabının (2016), “Azərbaycanda televiziya yayımının inkişaf mərhələləri” (2017) dərs vəsaitinin müəllifi, "Multikulturalizmə giriş" dərsliyinin həmmüəllifidir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyr. Filologiya üzrə fəlsəfə doktorudur.