Çingiz Mustafayev

Aktyor

Doğum tarixi:

29 avqust 1960

Vəfat tarixi:

15 iyun 1992


Çingiz Fuad oğlu Mustafayev Həştərxanda anadan olub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb.

Azərbaycan Tibb İnstitutunda təhsil alıb (1977-1983).

1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubu təsis edib. Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ildə onun başçılığı altında 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup təsis olunub. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. Həmin müddətdə Bakıda "Sevinc" adlı kiçik kafe açmışdı. 1985-ci ildə “Cəngi” gənclər birliyini təsis edib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. 1990-cı illərdə Azərbaycan televiziyasında "İmpromptu", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olub. Tibb təhsilini başa vurduqdan sonra təyinatla Şabran rayonunda üç il həkim işləyib. İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilib. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra jurnalistikaya üz tutub. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdı. “215 kl” studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı olub.

Çingiz Mustafayev 1992-ci ildə Xocalının Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub. Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın Milli Qəhrəmanıdır.

Jurnalist, aktyor Çingiz Mustafayev rejissor Vahid Mustafayevin qardaşıdır.