Qəmər Almaszadə

Xoreoqraf Aktrisa

Doğum tarixi:

10 mart 1915

Vəfat tarixi:

07 aprel 2006


Qəmər Hacıağa qızı Almaszadə Bakıda anadan olub.

Atasından gizli olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nəzdində “Sergey Gevorkov balet studiyası”nda (indiki Xoreoqrafiya Məktəbi, 1930) təhsil alıb, Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayıb. Burada balerina, baş baletmeyster (1953-1972), balet truppasının bədii rəhbəri (1972-1988), quruluşçu baletmeyster vəzifələrində işləyib.
Səhnəyə ilk dəfə 1931-ci ildə “Qırmızı lalə” (Reynqold Qlier) baletindəki Tao Xoa partiyası ilə çıxıb. Müəyyən təcrübə qazanandan sonra Rusiyaya gedərək Leninqrad Xoreoqrafiya Məktəbində təhsil alıb (1933-1936, Mariya Romanovanın sinfi). 
1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyub. 
Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayıb. 
1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyib. Daha sonra həmin məktəbin direktoru olub. 
1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində ilk professional çıxışını edib. “Qız qalası”nın 1959-cu ildə yeni - ikinci quruluşunun baletmeysteri olub. 
1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunub.

SSRİ Xalq artisti (1959), Əməkdar artist (1940), Xalq artsti (1943) Qəmər Almaszadə 2006-cı ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Baletmeyster, rəqqasə Qəmər Almaszadə bəstəkar Əfrasiyab Bədəlbəylinin həyat yoldaşı olub.