Qəmbər Hüseynli
Doğum tarixi:
16 aprel 1916
Vəfat tarixi:
31 iyul 1961
Qəmbər Məşədi Muxtar oğlu Hüseynli Gəncədə anadan olub.
Gəncədə Musiqi Məktəbinin Tar şöbəsində (1927-1929), Gəncə Pedaqoji Texnikumunda (1929-1934), Asəf Zeynallı adına Musiqi Texnikumun Violonçel və Bəstəkarlıq sinfində (1934-1936, 1951-1954) təhsil alıb.
1939-cu ildə Şuşa Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilib. Bir il sonra yenidən Bakıya dəvət edilib, Filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri işləyib. Tarda ifa etdiyi “Segah”, “Şur”, “Zabul” və digər muğamları yüksək peşəkarlıqla ifa bacarığı başqalarından fərqlənib. “Muğana ceyran”, “Tellər oynadı”, “İlk məhəbbət”, “Ay işığında”, “Gecələr uzanaydı” mahnıları var. “Cücələrim” mahnısı dünyanın hər yerində səslənib və 100-dən artıq dildə ifa edilib. Musiqinin bütün janrlarında yazıb. “Ailə namusu”, “Şeyx Sənan”, “Dağılan tifaq”, “Almaz” və sair səhnə əsərlərinə musiqi yazıb. 100-dən çox romansın müəllifidir.
Əməkdar incəsənət хadimi (1961) Qəmbər Hüseynli 1961-ci ildə vəfat edib.