Gülağa Məmmədov
Doğum tarixi:
28 iyun 1925
Vəfat tarixi:
07 iyun 1994
Gülağa Allahverdi oğlu Məmmədov Lənkəranın Kiçik Bazar məhəlləsində anadan olub, Bakıda böyüyüb.
Uşaqlıqdan musiqiyə marağı olub, qonşu uşaqları başına yığıb mahnılar oxuyarmış. 12 yaşında olarkən məhəllədən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayıb. O, Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. 1938-ci ildə Moskvada Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun “Səni gördüm, aşiq oldum” ariyası alqışlarla qarşılanıb. 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilib. Sonra Konservatoriyada təhsil alıb. 20 yaşından bir neçə il Musiqili Komediya Teatrında çalışıb. 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrləriylə birgə çıxışlar edib. Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri ansamblının solisti olub.
Əməkdar artist (1959), Xalq artisti (1982) Gülağa Məmmədov 1994-cü ildə vəfat edib.