Həsən Cəbrayılov
Doğum tarixi:
01 may 1949
Vəfat tarixi:
31 iyul 2019
Həsən Xəlil oğlu Cəbrayılov (Həsən Ahəngi) Tehranda anadan olub, əslən Ərdəbildəndir. 1953-cü ildə ailəsi ilə birgə Bakıya köçüb.
Bakı Rabitə Texnikumunda (1964-1968), Azərbaycan Dövlət Politexnik İnstitutunda, Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsində təhsil alıb.
Bakı Elektrik Maşınqayırma Zavodunda, Azərbaycan televiziyasında elektromexanik (1977-1994) çalışıb. 1994-cü ildən omrünün sonuna kimi Azərbaycan televiziyasının videotekasında işləyib. 1970-ci illərdən çalışdığı zavodun bədii özfəaliyyət ansamblında müğənni, parodiyaçı və konfransye kimi çalışıb, Şərq xalqlarının populyar mahnı və təranələri ifa edib. O vaxtdan da özünəməxsus parodiya ustalığını geniş tamaşaçı kütləsinə təqdim edib. Azərbaycanda parodiya sənətini fundamental şəkildə ilk olaraq məhz o başladıb. İlk dəfə böyük səhnəyə Moskvada 1980-ci ildə çıxıb. 100-ə yaxın dildə, 300-dən çox aktyor və müğənniləri parodiya etməyi bacarıb. 1980-ci ildən 2005-ci ilədək müxtəlif yarışmaların, o cümlədən Moskva "Beynəlxalq Tələbə Baharı-80", İrəvan "Tələbə Baharı-81", Kutaisi Ümumittifaq, Bakı Estrada Artistləri, Bolqarıstanın Qabrovo şəhərində keçirilən yumor yarışmasının, Tehran "I Dünya Yumor" və İstanbul festivallarının qalibi olub. Tofiq, Əhməd və Abbasqulu ağa Bakıxanovlar haqqında iki kitabın, "Gül bir az" parodiyalar toplusunun, ümumilikdə 5 kitabın, 300-dən çox məqalənin, müxtəlif səpkili şeirlərin müəllifidir.
“Tərəqqi” medalı laureatı (2016) Həsən Cəbrayılov 2019-ci ildə vəfat edib.